Rəcət haqqında olan ayələr və onların təfsiri
Keçmiş ümmətlərdə baş verənlər bu ümmətdədə baş verəcək
İsa ibn Məryəmin (aleyhiməssəlam) rəcətlə dünyaya qayıdışı.
Alimlərin rəcət haqqında nəzərləri
Alimlərin rəcət haqqında nəzərləri
1)Rəisul-muhəddisin Şeyx Səduq (r.ə) yazır: “Rəcət haqqında etiqadımız budur ki, o haqqdır.”
(“əl-Etiqadat” səh 142, (60), bab 18.)
2)Şeyx Mufid (r.ə) yazır: “İmamiyyə əqidəsi Qiyamətdən əvvəl ölülərin bir çoxunun dünyaya qayıdacağı barəsində ittifaq etmişlər. Baxmayaraq ki, onun mənasında (keyfiyyətində) ixtilaf etmişlər.”
(“Əvailul-məqalat” səh 46.)
3)Seyyid Mürtəza (r.ə) yazır: “Qaimin zühuru dövründə ona yardım etmək üçün və dövlətində firavan yaşamaq üçün övliyalardan bəzilərinin (dünyaya) qayıdacağı barəsində icma olunub. Həmçinin layiq olduqları cəzanın verilməsi üçün düşmənlərin də bir dəstəsi (dünyaya) qayıdar. Başqa mövzuda yazılan kitablarımızda bu dəstənin (alimlərin) icmasının höccət olmasını artıq bəyan etmişik. Çünki, orada (icmada) məsum(un razılığı) da var. Nəticədə rəcətin qüdrət baxımından mümkün bir iş olmasını qəbul edərək, onun (haqq) olduğuna yəqinlik hasil etmək vacibdir.”
(“Rəsailuş-şərifil-Mürtəza” cild 3, səh 135.)
4) Əllamə Məclisi (r.ə) yazır: “Şiə əqidəsi bütün əsrlərdə rəcətin haqq olma barəsində icma etmişlər. Bu (rəcət) onlar arasında günəşin günün ortasında çıxdığı kimi məşhurdur.”
(“Biharul-ənvar” cild 53, səh 122.)
5)Şeyx Hürr Amili (r.ə) yazır: “On iki İmam əqidəsinə etiqad edən dəstəylə həmfikir olanlar (yəni bütün şiələr) rəcətin haqq olmasına etiqad etmişlər. Onların arasında bu barədə bir ixtilaf zahir olmamışdır. Əvvəldə olan və sonradan gələn (bütün) alimlər hamısı bunu (rəcəti) qəbul etmişdir. Bu icmaya məsum şəxsin (imamın) daxil olması və onun höccət sayılması, Peyğəmbər və İmamlardan varid olan mütəvatir hədislərlə bilinmişdir. Və bu (icma) dəlalət edir ki, Peyğəmbər və İmamların etiqadı rəcətin haqq olmasınadır.”
(Şeyx Hürr Amili, “Rəcət” səh 74.)
Alimlərimizin nəzərlərini qeyd etdikdən sonra məlum oldu ki, şiə alimləri rəcətin keyfiyyəti və necəliyi barəsində ixtilaf etsələr də onun haqq olmasında icma etmişlər. Təbii ki, bu ixtilaf rəvayətlərin müxtəlifliyindən qaynaqlanır və hər bir alim mötəbər saydığı mənbəyə əsaslanaraq fikir bildirmişdir. Lakin onun batil bir inanc olması haqda heç bir şiə alimi bəhs açmamışdır. Əksinə bunun haqq olması haqqında bir çox kitablar yazılmışdır. Rəcət haqqında bütün şiə alimlərinin nəzərlərini bilmək istəyənlər bu mövzuda yazılmış müfəssəl kitablara müraciət edə bilərlər. Məqalənin həcmini nəzərə alaraq şiə əqidəsində öz sözlərini demiş və alimlərin etimad etdiyi şəxslərin sözləri ilə kifayətlənirik.
Qeyd: Bəziləri “rəcət” ilə “tənasüxü” (reinkarnasiya) səhv salaraq demişlər: “Rəcət elə tənasüxdür və aralarında fərq yoxdur. Çünki, hər ikisi öldükdən sonra dünyaya qayıdışdır.”
Cavab: Bizim əqidəyə görə rəcət haqq, tənasüx isə batildir. Çünki, bunlar fərqli-fərqli şeylərdir. Rəcətlə tənasüxün fərqləri bunlardır:
1)Rəcət hər bir haqq sahibinin öz haqqına çatacağı vədi verir. Belə ki, saleh şəxslərin mükafatlandırılacağı və günahkarların öz cəzasına çatacaqlarını qeyd edir. Amma tənasüx belə deyil.
2)Tənasüxə etiqad etmək cənnət və cəhənnəmin inkarıdır.
3)Tənasüx Qiyaməti inkar edərək həyatın yalnız dünyada olduğuna etiqad etməkdir. Amma rəcət heç də Qiyamət gününü inkar etmək deyil.
4) Rəcət dünyadan köçmüş bir insanın öz cismində və ağlında yenidən dünyaya qayıtması və əcəli çatdıqda Qiyamətə qədər bir daha dünyaya qayıtmamağıdır. Lakin tənasüx budur ki, insan dünyadan köçdükdə, əgər yaxşı əməl sahibi olmuşsa, başqa bərəkətli bir vücudda dünyaya qayıdıb yenidən yaşamasıdır. Yox əgər pis həyat tərzi sürmüşsə, fəqir və möhtac bir vücudda dünyaya qayıdıb yenidən yaşamasıdır. Və beləcə hər dəfə ölüb yenidən başqa bir surətdə dirilməkdir.
Tarixdə tənasüx ən çox padşahların sui-istifadə etdiyi bir silah olmuşdur. Belə ki, onlar fəqir camaata yalandan çoxlu vədlər verməklə onları kölə vəziyyətində idarə etmişlər.
İmam Rza (aleyhissəlam) tənasüx barədə buyurur: “Kim tənasüxə etiqad etsə o kəs böyük Allaha kafir olmuşdur. (Çünki, buna etiqad etməklə) Cənnət və Cəhənnəmi inkar edir.”
(“Uyunu-əxbar ər-Rza” cild 2, səh 202, hədis 1, bab 46.)
(“Biharul-Ənvar” cild 4, səh 320, hədis 1.)
Şeyx Səduq (r.ə) yazır: “Tənasüxə etiqad etmək batildir. Kim tənasüxü təsdiq etsə kafirdir. Çünki, tənasüx Cənnət və Cəhənnəmi batil bilməkdir.”
(“əl-Etiqadat” səh 156, bab 18.)
Nəticə: Qurani-Kərim və hədislərdən aldığımız nəticə budur ki, rəcət haqdır. Keçmiş ümmətlərdə baş verdiyi kimi bizim ümmətdə də baş verməsi labüddür. Axır zamanda Allah övliyalarının, saleh şəxslərin və bir dəstə şirk əhlinin qayıdacağı barədə əlimizdə qəti xəbərlər var. Bu şiə əqidəsinin zərurətlərindəndir və bütün alimlərimiz bu barədə ittifaq etmişlər. Allah bizləri Peyğəmbər və onun pak Əhli-Beytindən (səlavatullahi aleyhim əcməin) dünya və axirətdə ayrı salmasın.
Anar Əhmədov
besiret.az