Xanım Zəhranın ömrünün son anları və dəfn mərasimi

Xanım Zəhranın ömrünün son anları və dəfn mərasimi

2017-12-27 6951

Xanım Zəhranın (səlamullahi əleyha) ömrünün son anları və dəfn mərasimi

Həzrət Fatimə (s.ə) evin ortasında sərilmiş olan yatağına qayıtdı və üzünü qibləyə çevirərək yatağına uzandı. Rəvayətə görə, Həzrət Fatimə (s.ə) qızları Zeynəb və Ümmü-Gülsümü Bəni-Haşimdən olan bir qadının evinə göndərdi ki, analarının ölümünü görməsinlər və baş verəcək olan izdihamdan sarsıntı keçirməsinlər. İmam Əli, İmam Həsən və İmam Hüseyn (əleyhimussalam) bu vaxt evdə deyildilər.

Əsmadan belə rəvayət edilir ki, Həzrət Fatimə (s.ə) son nəfəsini vermək üzrə ikən mənə belə buyurdu: “Peyğəmbər (s) vəfat edərkən Cəbrail cənnətdən kafur gətirmişdi. Peyğəmbər bu kafuru üç qismə ayırmışdı. Bir hissəsini özü üçün, bir hissəsini Əli üçün və bir hissəsini də mənim üçün. Kafur qırx dirhəm (qədərində) idi.” Sonra belə buyurdu: “Ey Əsma! Atamın filan yerdə olan kafurunun qalanını gətir və başımın altına qoy. Əsma kafuru gətirib başının altına qoydu.” Sonra namaz qılmaq üçün dəstəmaz alarkən Əsmaya belə dedi: “Sürtdüyüm ətri gətir. Namaz qılarkən geydiyim libaslarımı gətir.” Sonra dəstəmaz aldı. Örtüyü üstünə çəkdi və belə dedi: “Biraz gözlə, sonra məni çağır. Əgər cavab versəm, demək bir şey baş verməyib. Amma cavab verməsəm, bil ki, atamın yanına getmişəm. O zaman dərhal Əlini çağır.” Artıq ölüm anı tam yaxınlaşdıqda, pərdə götürüldü və Fatimə (s.ə) gözlərini kəskin bir baxışla dikdi və belə buyurdu: “Cəbrailə salam olsun! Rəsulullaha salam olsun! Allahım, məni Rəsulunun yanına al! Allahım, məni razılığına, dərgahına, əmin-amanlıq yurduna al...” Sonra belə buyurdu: “Bu göy əhlinin karvanıdır. Bu, Cəbrail, o da Rəsulullahdır. Mənə səslənir: Qızım, gəl!  Burada səni qarşılayacaq şey sənin üçün daha xeyirlidir.” Sonra Xanım gözlərini açdı və belə dedi: “Əleykəssəlam, ey ruhları qəbz edən! Tələs, məni incitmə.” Sonra gözləri yumuldu, əlləri yanına düşdü. Əsma ona səsləndi, cavab vermədi. Üzündəki örtüyü qaldırdı. Fatimə (s.ə) həyatdan ayrılmışdı. Əsma, Xanıma sarılıb bir yandan öpür, bir yandan da belə deyirdi: “Ey Fatimə! Atan Rəsulullahın yanına getdiyin zaman Əsma bint Ümeysədən salam söylə.” Həsən və Hüseyn evə daxil olduqda analarının üstünün örtülmüş olduğunu gördülər. Dedilər: “Ey Əsma! Anamız bu vaxtda nə üçün yatır?” Əsma dedi: “Ey Rəsulullahın oğulları! Ananız yatmır. O, bu dünyadan ayrıldı.” Həsən anasının üzərinə qapanıb, bir yandan öpüb, bir yandan belə buyururdu: “Anacan! Ruhum bədənimdən ayrılmamış bir daha mənimlə danış!” Hüseyn (ə) anasının ayaqlarını öpür və belə deyirdi: “Mən oğlun Hüseynəm! Ürəyim partlayıb ölmədən öncə danış mənimlə!” Əsma Həsən və Hüseynə dedi: “Ey Peyğəmbərin balaları! Gedin atanıza ananızın ölüm xəbərini verin.” Həsən və Hüseyn məscidin yanına qədər gəldilər. Sonra özlərini saxlaya bilməyib yüksək səslə ağlamağa başladılar. Bu vaxt məsciddə olan bəzi səhabələr onların yanına gələrək, onlardan nə üçün ağladıqlarını soruşdular. Onlar Anamız Fatimə öldü–dedilər. Namaz halında ikən bu sözləri eşidən İmam Əli (ə) özündən gedərək üzü üstə yerə sərildi. Özünə gəldikdən sonra belə buyurdu: “Kim mənə təsəlli verəcək, ey Muhəmmədin qızı?”[1]

“Həzrət Əlinin (əleyhissalam) evindən ağlaşma səsləri yüksəldi. Mədinə, kişilərin və qadınların ağlaşma səsləriylə matəmə qərq oldu. İnsanlar Rəsulullahın vəfat etdiyi gün olduğu kimi, bir dəhşət anını yaşayırdılar. Bəni-Haşimin qadınları Xanım Fatimənin (əleyha salam) evində toplaşıb, fəryad edib ağlayırdılar. İnsanlar axın-axın İmam Əlini (əleyhissalam) ziyarətə gəlirdilər. İmam Əli oturmuş, Həsən və Hüseyn (əleyhimussalam) dizinin dibində için-için ağlayırdılar...”[2]

“Camaat ora toplanmışdı. Cənazənin evdən çıxarılmasını və ona namaz qılmağı gözləyirdilər. Bu vaxt Əbuzər çölə çıxdı və toplanmış camaata:Dağılışıb gedin! Fatimənin (s.ə) cənazəsinin evdən çıxarılması axşam gec saatlara qədər təxirə salındı”-deyə buyurdu. Əbu Bəkr və Ömər gəlib İmam Əliyə baş sağlığı verdilər və belə dedilər: “Ey Əbəl-Həsən! Rəsulullahın qızının cənazə namazını bizə xəbər vermədən qılma!”[3]

“Camaat cənazə mərasiminin səhər açıldıqdan sonra keçiriləcəyini düşünürdülər.  Rəvayətə görə Həzrət Fatimə (s.ə) əsr namazından sonra və ya gecənin ilk saatlarında vəfat etdi. Lakin, İmam Əli (ə) o gecə Xanım Fatiməyə qüsl verib kəfənlədi. Əsma da ona kömək edirdi. Sonra övladlarına dedi:Gəlin son dəfə ananızı ziyarət edin. Çünki, bu, ayrılıq anıdır və görüş cənnətdə olacaqdır...” Bir müddət keçdikdən sonra Həzrət Əli (ə) onları analarının cənazəsindən uzaqlaşdırdı.”[4]

“İmam Əli (əleyhissalam) cənazə namazını qıldı və əllərini göyə qaldırdıb belə səsləndi:İlahi! Bu, Peyğəmbərin qızı Fatimədir. Onu qaranlıqlardan nura çıxartdın. Beləcə O, hər bir tərəfi aydınlatdı.” Bütün səslər kəsilib gözlər yuxuya daldığı gecənin bir yarısında Həzrəti Əli, Abbas, Fəzl bin Abbas və daha bir nəfər bu möhtərəm cənazəni götürdülər. Həsən, Hüseyn, Əqil, Səlman, Əbuzər, Miqdad, Bureydə və Əmmar da cənazəyə yoldaşlıq edirdilər.”[5]

“İmam Əli (ə) qəbrə endi və Rəsulullahın ciyər parasını alıb qəbrə yerləşdirdi və belə dedi: Ey torpaq! Əmanətimi sənə əmanət edirəm. Bu Rəsulullahın qızıdır. Bismillahi və Billah və əla milləti Rəsulillah Muhəmməd ibn Abdullah. Ey Siddiqə! Səni məndən daha övla (yaxın) olana təslim edirəm. Allahın sənin üçün razı olduğu şeylərə mən də razıyam.” Sonra bu ayəni oxudu: “Sizi ondan (torpaqdan) yaratdıq; yenə sizi ora qaytaracağıq və bir daha sizi ordan çıxaracağıq.”[6] Sonra qəbirdən çölə çıxdı. Orada olanlar məzarın üstünü örtməyə başladılar. Həzrəti Əli də məzarın bəlli olmaması üçün torpağı yaydı və yer ilə bərabər etdi. Beləliklə dəfn mərasimi tez bir şəkildə tamamlandı. Çünki, camaatın bunu görüb məzarlığa axın etmələrindən qorxurdular. Həzrəti Əli (ə) sevimli xanımını dəfn etdikdən sonra, ürək yanğısıyla üzünü Peyğəmbərin qəbrinə çevirdi və belə buyurdu: “Salam olsun sənə ey Allahın Rəsulu! Qızından, gözünün nurundan, ziyarətçindən, bizdən ayrılıb qəbrinin kənarında yatan, Allahın bizdən çox tez ayırıb sənə qovuşdurduğu ciyər parəndən sənə salam olsun. Ya Rəsulullah! Seçilmiş qızının müsibətindən dolayı səbrim azaldı, dünya və axirət qadınlarının seyyidəsinin ayrılığı qarşısında dözümüm qalmadı. Bəli, Allahın kitabında mənim üçün bu çətinlikləri qəbul edə bilməyimin ən gözəl ifadəsi vardır: Biz Allahdan gəldik və yenə Ona doğru qayıdacağıq. Artıq əmanət iadə edildi (qaytarıldı) və rəhinə (bədənin girovu olan ruh) geri alındı. Zəhranı dəfn etdim. Onun ayrılığından sonra yer və göy çirkindir, (necə də toz duman kimi görünür), ya Rəsulullah! Hüznlü olmağıma gəlincə (hüznüm) sonsuzdur; gecələrimi isə yuxusuz keçirirəm. Allah, bu an sənin olduğun yerə məni də aparmadıqca, bu hüzn ürəyimi tərk etməyəcəkdir. Dərin yara kimi yandırıcı bir hüzndür bu. Daima diri və qovurucu bir kədərdir bu. Allah nə tez bizi bir-birimizdən ayırdı! Ümmətinin mənə nələr etdiyini qızın sənə bildirəcəkdir. Onun haqlarını necə çeynədiklərini də. Ondan soruş, halını ondan öyrən. Sinəsində nə qədər yığılıb qalmış qəzəblər var idi ki, bunları boşaldacaq bir yol tapa bilmirdi. O söyləyəcək və hökm verənlərin ən xeyirlisi olan Allah da hökm edəcəkdir. Salam olsun sizə ya Rəsulullah! Bu bir vida edənin salamıdır, bezmiş və məsuliyyətdən qaçan kəsin salamı deyil... Əgər təhlükə olmasaydı, qəbrinin başını məskən edər, oradan ayrılmazdım. Orada tənhalığa çəkilər və gözləyərdim. Oğlunu itirmiş ana kimi, müsibətinə oturub ağlayardım. Allahın köməyi və nəzəri altında, qızın gizlicə dəfn edildi. Kobudcasına onun haqları çeynənildi. Hər kəsin gözü qarşısında onun mirasına əl qoyuldu. Kimsə səni ağlına belə gətirmədi. Səndəndir təsəllilərin ən gözəli Ya Rəsulullah! Allahın salamı, rəhməti və bərəkəti onun (Fatimənin) və sənin üzərinə olsun.”[7]

Cənazəni qəbirdən çıxarmağa cəhd etmələri    

“Səhər açılan kimi insanlar Həzrət Zəhranın (s.ə) cənazə mərasiminə qatılmaq məqsədiylə İmam Əlinin evinə doğru hərəkət etdilər. Bu vaxt Rəsulullahın sevimli qızının gecə ikən, kimsəyə xəbər verilmədən gizlicə dəfn edildiyini eşitdilər. İmam Əli (ə) Bəqi məzarlığında yeddi və ya daha çox məzarın üzərindəki torpağı düzəltmiş, Fatimənin məzarını beləcə gizlətmişdi. Beləliklə insanlar dərhal Bəqi məzarlığına gəlib, Fatimənin məzarını axtardılar. Ancaq qəbri tapa bilmədilər. Dünya və axirət qadınlarının seyyidəsinin məzarının hansı olduğunu müəyyənləşdirə bilmədilər. (Hər tərəfi) Bir gurultu səsi bürümüşdü. Bir-birlərini qınamağa başladılar. Belə deyirdilər: “Peyğəmbərimizdən yadigar olaraq sizə bir qızı qalmışdı. O vəfat etdikdə də yanında olmadınız, namazını qılmadınız, üstəlik məzarının da harada olduğunu bilmirsiniz.” Bəziləri belə dedilər: “Müsəlman qadınları çağırın, bu torpağı düm-düz edilmiş qəbirləri açsınlar. Beləcə Fatimənin nəşini çıxarıb namazını qılarıq.” Əbu Bəkr və Ömər camaatla birlikdə Xanım Fatimənin (s.ə) namazını qılmaq üçün gəldikləri zaman, Miqdad çıxıb belə dedi: “Fatiməni gecə dəfn etdik.” Bu vaxt Ömər, Əbu Bəkrə dönərək: “Sənə bunu edəcəklərini demədimmi?”–dedi. Abbas belə buyurdu: “Fatimə (s.ə), siz ikinizin ona cənazə namazı qılmamağınızı vəsiyyət etmişdi.” Bu vaxt Ömər belə dedi: “Ey Haşim oğulları! Bizə qarşı bəslədiyiniz qədim qısqanclığınızı heç bir zaman tərk etməyəcəksiniz. Bu içinizdəki kin-küdurətin əlamətidir ki, heç bir zaman yox olmayacaqdır. Allaha and içirəm ki, Onun qəbrini açıb cənazəni çıxaracağam və namazını qılacağam.”[8]

“Camaatın Həzrət Fatimənin (s.ə) qəbrini açmaq istədikləri xəbəri İmam Əliyə (ə.s) çatdı. Bu zaman dərhal döyüşlərdə geyindiyi sarı libasını geyinib, Zülfüqarını götürərək yola çıxdı. Qəzəbdən gözləri qızarmışdı. Belə bir halda Bəqi məzarlığına getdi. İmam Əlinin Bəqi məzarlığına gəldiyi xəbəri, orada olanlara çatdı. Biri belə səsləndi: “Görürsünüzmü? Bu gələn Əli ibn Əbu Talibdir. Allaha and içir ki, əgər bu məzarlardan birinin daşı yerindən oynadılarsa, bu işi edənlərin boyunlarını qılıncıyla vuracaq.” Bu vaxt bir kəs Əlini görən kimi belə dedi: “Nə olub sənə ey Əbəl-Həsən! Allaha and içirəm ki, Onun qəbrini açacağıq və nəşini çıxarıb namazını qılacağıq.” Həzrəti Əli (ə) o kəsin yaxasından tutub silkələdi, sonra onu yerə çırpıb dedi: “Mənə bax! Ey qara qadının oğlu! Mən xilafət haqqımdan əl çəkdim. Çünki insanların dindən dönəcəklərindən qorxdum. Amma Fatimənin qəbrinə gəlincə, Əlinin canını əlində tutana and olsun ki, əgər sən və ya yoldaşların o torpaqdan bir daş qaldırsanız, bu torpağı sizin qanlarınız ilə sulayacağam.” Bu zaman Əbu Bəkr belə dedi: “Ey Əbəl-Həsən! Rəsulullah və Fatimənin haqqı xatirinə onu burax. Sənin istəmədiyin bir şeyi etməyəcəyəm. Bu vaxt İmam Əli (ə) o kəsi buraxdı və insanlar da dağlışıb getdilər.”[9]

besiret.az


[1] Biharul-ənvar, c.43, səh.186

[2] Biharul-ənvar c.43, səh.192

[3] Həmin mənbə, c.43, səh.199

[4] Həmin mənbə, c.43, səh.179

[5] Həmin mənbə, c.43, səh.193

[6] Taha-55

[7] Biharul-ənvar, c.43, səh.193

[8] Həmin mənbə, c.43, səh.199

[9] Təbəri, Dəlailul-Əimmə, səh.46-47