Rəcət haqqında olan ayələr və onların təfsiri
Keçmiş ümmətlərdə baş verənlər bu ümmətdədə baş verəcək
İsa ibn Məryəmin (aleyhiməssəlam) rəcətlə dünyaya qayıdışı.
Alimlərin rəcət haqqında nəzərləri
Rəcət haqqında olan ayələr və onların təfsiri
1)”(Yada sal), hər ümmətdən Bizim ayələrimizi təkzib və inkar edən dəstələri toplayacağımız o gün, onlar bir yerdə cəm edilər və tutulub saxlanılar.” (Nəml 83)
Bir nəfər İmam Sadiqə (aleyhissəlam) dedi: “Muxaliflər güman edirlər ki, bu ayə Qiyamət haqqındadır. İmam (aleyhissəlam) buyurdu: “Qiyamət günü Allah bir dəstəni dirildəcək və qalanları diriltməyəcək? Belə deyildir! Bu ayə rəcət haqqındadır. Qiyamət ayəsinə gəldikdə o, budur: “O gün dağları (yerindən qoparıb) hərəkətə gətirərik və (o vaxt) hamar və aşkar görərsən. Və onları (mö’minləri və kafirləri) bir yerə toplayar və onlardan birini belə yerdə qoymarıq.”(Kəhf 47)
(“Burhan fi təfsiril-Quran” c.6, səh.36,37)
(“Təfsirul-Qummi” c.1, səh.24)
Şeyx Təbərsi (r.ə) öz təfsirində bu ayə haqqında yazır: “Şiələr bu ayəni rəcətin səhihliyinə dəlil gətirmişlər. Belə ki, «min kulli ümmət» (hər bir ümmətdən) cümləsinə daxil olan “min” hərfi miqdar faydası verir (yəni hər ümmətdən bir dəstəni). Bu dəlalət edir ki, ayədə işarə olunan yalnız bir qrup insanlardır, daha başqaları deyil. Allah buyurduğu Qiyamət (dirilmə) isə bu cür deyil. Allah Qiyamət günü barədə buyurur: “O gün dağları (yerindən qoparıb) hərəkətə gətirərik və (o vaxt) hamar və aşkar görərsən. Və onları (mö’minləri və kafirləri) bir yerə toplayar və onlardan birini belə yerdə qoymarıq.”(Kəhf 47)
(“Məcməul-Bəyan” c.7, səh.430,431)
Şeyx Səduq (r.ə) “Kəhf” surəsinin 47-ci ayəsinə əsaslanaraq belə yazır: “O, gün ki, (Qiyamət günü) hər kəs dirilər. Amma bir dəstə insanın ayağa qalxacağı gün o gün deyil.”
(“əl-Etiqadat” səh.155,bab 18)
2) “Biz (isə) istədik ki, o yerdə zəif salınmışlara mərhəmət göstərək və onları (camaata) imam, (yer üzünə) varis edək. Və onlar üçün o torpaqda qüdrət və hakimiyyət vasitələri hazırlayaq.” (Qəsəs 5, 6)
Bu ayənin rəcət barədə olması aşkardır. Çünki, Allah zülm olunan kəslərə varislik, qüdrət və hakimiyyət vəd edir. Bu isə məlum olduğu kimi hələ baş verməmişdir. Zəif salınmış kəslərə gəldikdə isə, sözsüz ki, onlar Peyğəmbərin (səlləllahu əleyhi və alihi) Əhli-Beytidir (əleyhimus-səlam).
Müfəzzəl ibn Ömər (r.ə) deyir İmam Sadiqdən (aleyhissəlam) belə eşitdim: “Allah Rəsulu Əliyə, Həsənə və Hüseynə (səlavatullahi aleyhim əcməin) baxıb ağladı və dedi: Məndən sonra zəif düşmüşlər sizsiniz. Sonra Peyğəmbər (səllallahu aleyhi və alihi və səlləm) həmin bu ayəni oxudu.”
(“Məaniyul-Əxbar” səh.79) (“Şəvahidut-tənzil” c.1, səh.430,hədis 589)
(“Burhan fi təfsiril-Quran” c.6, səh.53,54)
Odur ki, Allah öz qüdrətini göstərərək şəni ən uca olan bəndələrini yer üzünün hakimi edəcəkdir. Bu hakimiyyət rəcətsiz təsəvvür belə olunmur.
3) “Onlara verilən əzab vədi yerinə yetdikdə onlar üçün yerdən bir canlı (dabbə) çıxardarıq ki, yer əhli ilə danışsın. Çünki, onlar bizim ayələrimizə yəqinlik tapmırlar.” (Nəml 82)
Əbu Bəsir (r.ə) İmam Sadiqdən (əleyhissəlam) nəql edir: “Peyğəmbər (səllallahu aleyhi və alihi və səlləm) məscidə, Əlinin (aleyhissəlam) yanına getdi və O, (aleyhissəlam) yatmışdı. Peyğəmbər (səllallahu aleyhi və alihi və səlləm) Əliyə (aleyhissəlam) buyurdu: «Dur ey dabbətul-ərz». Səhabələrdən bir neçəsi belə dedi: «Ey Allah Rəsulu (səllallahu aleyhi və alihi və səlləm)! Biz də bir-birimizi bu adla adlandıraq?» Peyğəmbər (səllallahu aleyhi və alihi və səlləm) buyurdu: «Xeyr. And olsun Allaha, bu ad yalnız xüsusi adama məxsusdur. Bu, o dabbədir ki, Allah onu Öz kitabında zikr etmişdir». Sonra bu ayəni oxudu və buyurdu: “Ey Əli, elə ki, axır zaman gələr , Allah səni gözəl surətdə yerdən çıxarar. Meysəm də səninlə birgə olar (dirilər).”
(“Burhan fi təfsiril-Quran” c.6, səh.36, hədis 3)
Şeyx Hürr Amili (r.ə) bu ayə haqqında yazır: “Zahir budur ki, dabbə yerdən çıxar. Çünki, qaydaya əsasən təqdirdə başqa bir şey (məqsəd) yoxdur. Həqiqətən o dabbə insanlarla danışar. Çünki, insanlara olan höccətdir. Əks halda (höccət olmasa) o zaman bu danışıq əbəs bir iş olar. Nəticədə o dabbənin sözünü qəbul etmək vacib olmaz.”
(Şeyx Hürr Amili, “Rəcət” səh.107)
4) “(Ey Peyğəmbər!) Minlərlə adamın (taundan) ölüm qorxusu ilə öz yurdlarını tərk edib getdiklərini görmədinmi? Allah onlara: "Ölün!" - dedi və sonra da (yenidən) diriltdi. Həqiqətən, Allah insanlara lütf edəndir, lakin insanların bir çoxu şükür etməzlər!” (Bəqərə 243)
Bu ayə rəcətin keçmiş qövmlərdə baş verməsindən aşkar şəkildə danışır. Bu o deməkdir ki, rəcətə inanmaq nağıl və əfsanəyə inanmaq deyil, əksinə bu olmuş və olacaq bir həqiqətdir. Ayənin təfsirində İmamlardan (aleyhimussəlam) belə nəql olunur:
“Onlar Şam şəhərlərindən birində yerləşən yetmiş min ailə idi. Hər il onlarda Taun xəstəliyi baş verirdi. Varlılar imkanları olduğu üçün (xəstəlik zamanı) şəhəri tərk edirdilər. Kasıblar imkanlarının zəif olduğu üçün şəhərdə qalırdılar. Varlılar şəhəri tərk etdikləri üçün onlarda xəstəlik az olurdu. Lakin kasıblar qaldıqları üçün onlarda bu xəstəlik çox yayılırdı. Kasıblar deyərdilər: «Əgər biz də şəhəri tərk etsəydik, taun bizə keçməzdi.» Varlılar da deyərdi: «Əgər bizdə sizin kimi burda qalsaydıq, bu xəstəlik sizə keçdiyi kimi bizə də keçərdi.» Bir dəfə bütün şəhər əhalisi (kasıblar və varlılar) qərara gəldi ki, taun xəstəliyinin vaxtı gələndə hamılıqla şəhəri tərk etsinlər. (Elə ki, vaxt yetişdi) hamılıqla şəhəri tərk etdilər və bir gölün kənarına çatdılar. Allahdan nida gəldi: «Ölün!» Hamılıqla öldülər. Onlar Allah istəyənə qədər yoldan keçənlərdən unudulmuş vəziyyətdə qaldılar. Bir gün bəni İsrail peyğəmbərlərindən biri oradan keçirdi. Deyilənə görə bu Hizqil peyğəmbərdir (bəzi yerlərdə bu peyğəmbərin adı Ərmiya qeyd olunur). Peyğəmbər dedi: «Ey Rəbbim sən istəsən onları dirildər və onlar sənin şəhərində yaşayarlar. Onlar sənin bəndələrini dünyaya gətirər və ibadət edənlərlə birgə sənə ibadət edərdilər.» Allah təala bu peyğəmbərə vəhy etdi: «Sən istəyirsən ki, onları sənin üçün dirildim?» Peyğəmbər dedi: «Bəli, ey Rəbbim istəyirəm.» Allah onların hamısını diriltdi.”
(«əl-Kafi” c.8, səh.198-199, hədis 237)
(“Biharul-Ənvar” c.13, səh.385, hədis 6, bab 14)
(“Təfsiri nurus-Səqəleyn” c.1, səh.241, hədis 961)
(“Burhan fi təfsiril-Quran” c.1, səh.233 hədis 1)
(“Camiul-Bəyan” (təfsiri Təbəri) c.2, səh.600, hədis 5599)
(“əd-Durul Mənsur” (Suyuti) c.1, səh.310)
(“Tarixi Təbəri” c.1, səh.323)
Həmçinin Şeyx Təbərsi (r.ə) bu ayəni öz təfsirində zikr etdikdən sonra yazır: “Rəvayətdə qeyd olunub ki, bu Hizqil peyğəmbərin qövmü olub və Allah onları öldükdən səkkiz gün sonra dirildib.”
(“Məcməul-Bəyan” c.2, səh.172)
5) Yaxud (evlərinin damı çökmüş və) divarları damlarının üzərinə uçmuş kənddən keçən (kəs) kimisini (görmüsənmi)? (O, təəccüblə öz-özünə) dedi: «Allah bunları ölümlərindən sonra necə dirildəcək?!» Buna görə də Allah onu yüz il öldürdü, sonra diriltdi (və) dedi: «(Burada) nə qədər qalmısan?» Dedi: «Bir gün, ya günün bir hissəsini (qalmışam).» Dedi: «Xeyr, yüz il qalmısan; yemək-içməyinə bax ki, heç dəyişməyib və uzunqulağına bax (gör necə çürüyüb dağılıb). Biz səni insanlara nişanə etmək üçün (bunu etdik). Bax (gör uzunqulağının) sümükləri(ni) necə götürür (və onları bir-birinə birləşdirir), sonra onların üstünə ət örtürük! Beləliklə (dirilməyin necəliyi) ona aydın olduqda, dedi: «İndi bilirəm ki, Allah hər şeyə qadirdir.”(Bəqərə 259)
Bu ayə aşkar surətdə qeyd edir ki, Allah bu kəsi öldürdükdən yüz il sonra dünyaya yenidən qaytarıb. Həmçinin, onun uzunqulağını da öldükdən sonra dirildib. Ayədəki “ondan soruşdu” kəliməsi buna dəlalət edir ki, bu kəs peyğəmbər olub. Əks halda Allah ona vəhy edib onunla danışmazdı. Bu ayə ölümdən sonra dirilməyə şəkk edən yaxud inkar edən kəslərə bir dəlildir. İstər bu Qiyamət günündə ki, dirilməyə şamil olsun, istər rəcət günündə. Hədislərimizdə bu ayənin təfsirində qeyd olunur ki, bu şəxs bəni İsrail peyğəmbərlərindən biri idi. Bu şəxsin adında ixtilaf var. Çünki, bəzi rəvayətlərimizdə bu şəxsin adının Üzeyr olduğu, bəzilərində isə Ərmiya olduğu qeyd olunur. Bu barədə geniş məlumat üçün aşağıdakı mənbələrə müraciət edə bilərsiz.
(“Təfsirul-Qummi” c.1, səh.86)
(“Təfsirul-Əyyaşi c.1, səh.160-161 (digər nəşrdə 263))
(“Burhan fi təfsiril-Quran” c.1, səh.547,548-549)
(“Məcməul-Bəyan” c.2, səh.173-174)
(“Muxtəsəru bəsairud-dərəcat” səh.23)
(“Əl-İhticac” c.2, səh.230,-231)
6) (Yada sal) o zaman(ı) ki, Allah dedi: "Ey Məryəm oğlu İsa, Mənim sənə və anana olan nemətimi xatırla... o zaman ki, Mənim iznimlə gildən quş şəklinə bənzər (bir şey) düzəldir, sonra ona üfürürdün və o, Mənim iznim və iradəm ilə quş olurdu; Mənim iznim ilə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verirdin; o zaman ki, Mənim iznimlə ölüləri (qəbirdən diri) çıxarırdın.” (Maidə 110)
Bu ayə də keçmiş ümmətlərdə rəcətin mümkünlüyünə və baş verməsinə açıq aşkar dəlalət edir.
Hədislərimizdə qeyd olunur Həzrəti İsa (aleyhissəlam) dörd (bəzi yerlərdə beş) nəfəri dirildib və onlardan bəziləri başqa insanlar kimi ömürlərini davam etdirmiş, bəziləri isə yenidən qəbr həyatına qayıtmışdır. Dünyada qalanlar ruzi qazanmış və ailə həyatı qurmuşlar. Bəzi hədislərimiz bu dirilənlər içində Yəhya ibn Zəkəriyyanın da (aleyhiməssəlam) adını qeyd etmişdir. Lakin onun dirilərək Həzrəti İsa (aleyhissəlam) ilə söhbət etdikdən sonra yenidən öz qəbrinə daxil olduğu yazılır. Bu barədə geniş məlumat üçün aşağıda ki, mənbələrə müraciət edə bilərsiz.
(“əl-Kafi” c.8, səh.337, hədis 532, c.3, səh.260, hədis 37)
(“Burhan fi təfsiril-Quran c.2, səh.543-544)
(“Biharul-Ənvar” c.14, səh.234, hədis 3, bab 18)
(“Təfsiri nurus-Səqəleyn” c.1, səh.343, hədis 149.)
(“Təfsirul-Əyyaşi” c.1, səh.308, hədis 690)
(“Məcməul-bəyan” c.2, səh.365-366)
(“Təfsiru Fəxri Razi” c.8, səh.64)
(“Durul-Mənsur (Suyuti)” c.2, səh.32)
7) (Yada sal) o zaman(ı) ki, mələklər dedilər: Ey Məryəm! Həqiqətən, Allah sənə Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə ilə müjdə verir...Və bir peyğəmbər olaraq İsrail övladlarına (deyəcək) ki; Mən sizə Rəbbiniz tərəfindən bir nişanə gətirmişəm; mən sizin üçün gildən quş surətində bir şey düzəldər, sonra ona üfürərəm, Allahın izni ilə quş olar; Allahın izni ilə anadangəlmə koru və cüzamı sağaldar, ölüləri dirildərəm.” (Ali-İmran, 45, 49)
Bu kimi ayələr hamısı rəcətin haqq olmasına dəlildir. Necə ki, bunun haqqında biraz əvvəl danışdıq.
8) “Ey İsrail övladları! Sizə verdiyim nemətləri yadınıza salın və Mənim əhd-peymanıma vəfa edin ki, Mən də sizin əhd-peymanınıza vəfa edim... Və o zaman ki, dediniz: Ey Musa, Allahı aşkar görməyincə, sənə əsla iman gətirməyəcəyik” Beləliklə, gözünüz baxa-baxa sizi ildırım vurdu. Ölümünüzdən sonra sizi diriltdik ki, bəlkə şükr edəsiniz...Və buluddan başınız üzərində kölgəlik düzəltdik və sizə “mənn” və bildirçin endirdik (və dedik;) “ruziniz etdiyimiz pak təamlardan yeyin.” (Bəqərə, 40, 55, 56, 57)
Bu ayə rəcətin, Musanın (aleyhissəlam) qövmündə baş verməsi haqında ən aşkar dəlildir. Bu əzəmətli bir xəbərdir və bunu inkar etmək Quranı inkar etmək deməkdir. Belə ki, İsrail övladları ölümdən sonra həyata yenidən qaytarılmış, adi insanlar kimi ruzilərdən yeyib-içmiş və evlənmişlər. Bu ayənin təfsirində qeyd olunur ki, onlar yetmiş nəfər idilər. Bunun üçün aşağıdakı mənbələrə baxa bilərsiz.
(“Şeyx Səduq, ət-Tovhid” səh.24-121)
(“Uyunu əxbar ər-Rza” c.1, səh.178, (200), hədis 1)
(“Burhan fi təfsiril-Quran c.1, səh.222)
(“əl-İhticac” c.2, səh.430)
9) Və (əshabi-Kəhf öz) mağaralarında üç yüz il qaldılar və doqquz il (də üstünə) artırdılar”...Onları, bir-birlərini sorğu-suala tutmaları üçün elə də oyatdıq.” (Kəhf 25, 19)
Ayənin təfsirində İbn Abbasdan (r.ə) nəql olunur: “Elə ki, onlar mağaraya sığındılar Allah ölüm mələyinə vəhy etdi ki, onların canını alsın. Onların hər birinin yanında iki mələk var idi ki, onları sağa və sola döndərirdi. Onlar orada üç yüz doqquz il qaldılar. Elə ki Allah onları diriltməyi iradə etdi, İsrafilə əmr etdi ki, onlara ruh üfürsün. Və İsrafil onlara ruhu üfürdü onlar ayağa qalxdılar . Bu zaman bir-birlərinə dedilər: Bu gecədən qafil olduq.”
(“Qissətul-ənbiya” səh.259,300)
(“Biharul-ənvar” c.14, səh.416,417)
Qeyd: Bu hədis Həzrət Əlidən (aleyhissəlam) nəql olunur. Xəlifə Ömərin dövründə bir dəstə Yəhudi Ömər ibn Xəttabın yanına gələrək ona “əshabi-Kəhf” haqqında sual verir. O, bu sualı cavablandırmaqda aciz olur və üzünü Həzrət Əliyə (aleyhissəlam) tərəf çevirib deyir: «Ya Əbəl Həsən, bunun cavabını yalnız səndə görürəm.»
Bəziləri bu ayənin rəcətə aidiyyatı olmadığını söyləmişlər və bunun üçün dəlil gətirmişlər. Şeyx Səduq (r.ə) özünün “əl-Etiqadat” əsərində bu şəxslərə belə cavab verir:
“Əgər belə irad gəlsə ki, onlar ölməmişdilər, əksinə yatmışdılar. Çünki, Allah (əshabi-Kəhf haqqında) buyurur: «Və onları oyaq sanardın, halbuki yatmışdılar.» (Kəhf 18) Onlara belə cavab verilər: Xeyr onlar ölmüşdülər. Allah Qiyamət günü öz qəbrindən qalxacaq insanların sözlərini belə qeyd edir: «Deyərlər; Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı?» (Yasin 52) Baxmayaraq ki, onlar “oyatdı” deyəcəklər halbuki onlar ölü idilər. Bu kimi misallar çoxdur.
(“əl-Etiqadat” s.150, bab 18)
İmam Baqirə (aleyhissəlam) «Deyərlər; vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı?» (Yasin 52) ayəsi haqqında sual verdilər və o, (aleyhissəlam) buyurdu:
“Bu qövm qəbirlərində olar. Elə ki, ayağa qalxarlar belə hesab edərlər ki, onlar yatmışdı.”
(“Təfsirul-Qummi” c.2, səh.216)
(“Burhan fi təfsiril-Quran c.4, səh.578, hədis 8933)
(“Təfsiru nurus-Səqəleyn” c.4, səh.388, hədis 60)
10) “Həlak etdiyimiz topluma (dünyaya qayıtmaq) qadağan və qeyri-mümkündür. Onlar qayıtmayacaqlar.” (Ənbiya 95)
Əli ibn İbrahim əl-Qummi (r.ə) öz təfsirində, Əbu Bəsir (r.ə) və Muhəmməd ibn Müslimdən (r.ə) nəqlən İmam Sadiq və İmam Baqirin (aleyhiməssəam) bu ayə haqda dedikləri sözü qeyd edir: “Allah əhlini əzabla həlak etdiyi şəhərlərin əhlini rəcət günü qaytarmaz.”
Sonra Əli ibn İbrahim əl-Qummi (r.ə) yazır: “Bu ayə rəcətə dəlalət edən ən əzəmətli ayələrdəndir. Çünki, İslam əhlindən heç kəs bütün insanların Qiyamət günü qayıdacağını inkar etmir. İstər həmin insan həlak olan olsun, istər olmasın. Ayədəki “qayıtmayacaqlar” sözü rəcət barəsində aşkardır. Amma Qiyamətə gəldikdə isə o gün hamı qayıdacaq və (günahkarlar) oda daxil olacaq.”
(“Təfsirul-Qummi” cild 2, səh 75, 76)
11) “Həqiqətən, Allah hər şeyə qadirdir!” (Fatir 1)
Bu ayə rəcətin mümkün bir iş olmasına dəlildir. Məadı inkar edən kafirlər bu işə şəkk etdikləri üçün Qurani-Kərimin bir çox yerində məzəmmət olunmuşlar. Məsələn: Allah təbarək və təala buyurur: “Kafirlərdən soruş ki, onları yaratmaq çətindir, yoxsa Bizim başqa yaratdıqlarımızı?” (Saffat 11)
“Öz yaradılışını unudub: "Çürümüş sümükləri kim dirildə bilər?!" - deyə, hələ Bizə bir məsəl də çəkdi. (Ya Peyğəmbər!) De: "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir...Məgər göyləri və yeri yaradan (bir daha) onlar kimisini yaratmağa qadir deyilmi?! Əlbəttə (qadirdir). (Hər şeyi) yaradan, (hər şeyi) bilən Odur.” (Yasin 78, 79, 81)
Bütün bu ayələr rəcətin Allah üçün asan bir iş olduğunu bəyan edir. Bu kimi ayələrdən aldığımız nəticə budur ki, keçmiş ümmətlərdə rəcətin baş verməsində heç bir şəkk və şübhə yoxdur. Rəcətin keçmiş ümmətlərdə baş verdiyi kimi bizim ümmətdə də baş verəcəyi labüddür. Bunun üçün əlimizdə yetərli sayda qəti dəlillər var. İndi isə bu dəlillərdən bir qismini sizin üçün zikr edirik.