Badkubi Mədrəsəsinin açılış mərasimində Ayətullah Seyid Sistaninin ofisinin çıxış nitqi

Badkubi Mədrəsəsinin açılış mərasimində Ayətullah Seyid Sistaninin ofisinin çıxış nitqi

2025-10-29 534

Ötən əsrin əvvəllərində (təqribən 1907-ci ildə) Bakı şəhərinin sakini olmuş xeyriyəçi Hacı Əli Nəqi Badkubi tərəfindən elm və mərifət ocağı olan müqəddəs Nəcəf hövzəsində burada dini təhsillə məşğul olan, xüsusən də Azərbaycandan olan tələbələr üçün nəzərdə tutulmuş bir mədrəsə inşa edilmişdir. İnşa edilən bu mədrəsə Bakı şəhərinin qədim adı olan Badkubə adı ilə tanınmışdır. Bu mədrəsə uzun illər dağınıq və xarab vəziyyətdə olduqdan sonra şiə aləminin ən əzəmətli mərceyi-təqlidi olan Ayətullah Seyid Əli Sistaninin göstərişi və maddi dəstəyi ilə yenidən inşa edilərək tələbələrin ixtiyarına verilmişdir.

Cəmadiul-əvvəl ayının 4-ü (27 oktyabr 2025-ci il) Xanım Zeynəbin (s) mövlud gecəsi münasibəti ilə Ayətullah Seyid Əli Sistaninin ofisi tərəfindən yenidən inşa edilən bu mədrəsənin açılış mərasimi keçirilmişdir. Mərasimdə Nəcəf elmi hövzəsinin bir çox böyük ustad və tələbələri, başqa yerlərdən təşrif gətirmiş alimlər, müxtəlif nüfuzlu şəxsiyyətlər, həmçinin Nəcəf şəhərində təhsil alan azərbaycanlı tələbələr iştirak etmişdir. Təşkil olunan açılış tədbirində Ayətullah Seyid Əli Sistaninin ofisinin açılış münasibəti ilə yazılı mətni oxunmuşdur. Bu mətni sizə təqdim edirik:

“Rəhman və Rəhim olan Allahın adı ilə.

Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Məxluqatın ən xeyirlisi Məhəmməd (s) və onun pak, pakizə, uca və xeyirli Əhli-beytinə salavat və salam olsun.

Allahın salamı, rəhməti və bərəkəti fəzilət və hörmət sahibləri olan dəyərli iştirakçıların üzərinə olsun.

Xanım Zeynəbül-Kübranın (ə) mübarək mövludunun il dönümündə, bu möhtəşəm mərasimdə sizinlə yenidən görüşmək bizim üçün həm sevinc, həm də böyük şərəfdir. Bu mərasimdə biz müqəddəs Nəcəfül-Əşrəf hövzəsinə bağlı daha bir mədrəsənin ən gözəl şəkildə yenidən bərpa edilməsinin ardıyca açılışını qeyd edirik.

Bəzi tarixçilər qeyd edirlər ki, Nəcəfül-Əşrəfdə mədrəsələrin yaradılması çox qədim dövrlərə Şeyxut-taifə Tusinin (r.ə) bu şəhərə hicrət edərək burada hövzəni təsis etdiyi dövrə qədər gedib çıxması uzaq ehtimal deyil. Lakin qədim dövrlərdə tikilmiş bu mədrəsələr sonrakı əsrlərdə dağılıb viran qaldıqda onların bərpasına lazımi diqqət göstərilmədiyi üçün zamanla evlərin arasında itib-batmış, torpaqları da xalq arasında ümumi mülkiyyətə çevrilmişdir. Buna görə də heç kimin o mədrəsələr barədə hər hansı bir məlumatı yoxdur.

Tarixçilərin sözlərində keçmiş dövrlərdə Nəcəfdə bir çox mədrəsələrin mövcudluğuna dair şahidlər vardır. Məsələn, səyyah İbn Bəttutə hicri 737-ci ildə Nəcəfül-Əşrəfi ziyarət etmiş və yazmışdır ki, Həzrət Əmirəlmöminin (ə) məzarı ətrafında "çoxlu sayda mədrəsələr, təkyələr və xanəgahlar var. Onlar gözəl şəkildə tikilmiş, divarları isə kaşı ilə bəzədilmişdir".

Zeynülabidin Şirvani də Nəcəfül-Əşrəfdə mövcud olan bir mədrəsəni Sultan Məhəmməd Xudabəndə və onun oğlu Əbu Səid tərəfindən inşa edilən binalar və tikililər sırasında qeyd etmişdir. Qısacası, bu elm şəhəri bir zamanlar mədrəsələrlə dolu idi, lakin onların çoxu zaman keçdikcə itib-batdı və nə adı qaldı, nə də izi.

Ən qədim mədrəsələrin arasında bu gün də adı və izi qalanlardan biri “Səlimiyyə Mədrəsəsi” olaraq tanınan mədrəsədir. Mərhum Şeyx Cəfər Məhbubə qeyd edir ki, bu mədrəsə 826 hicri ilində vəfat etmiş Miqdad Səyuriyə məxsusdur. Onun mədrəsəsinin adı Şeyx Tusinin “Misbahul-mütəhəccid” kitabının hicri 832-ci ildə nüsxə olaraq yazılmış qiymətli nüsxəsinin sonunda da qeyd olunmuşdur. Daha sonralar Səlim xan Şirazi adlı xeyirxah bir şəxs hicri 1250-ci ildə bu mədrəsəni bərpa etdiyinə görə, mədrəsə sonralar “Səlimiyyə Mədrəsəsi” kimi tanınmışdır. Mədrədənin sahəsi olduqca kiçik idi, yüz kvadratmetri keçməzdi. O, Böyük bazarda, Sağə məscidinin qarşısında, İmam Zeynülabidin (ə) küçəsinə yaxın bir yerdə yerləşir. Zamanla mədərəsəyə müxtəlif müdaxilələr edilmiş və tamamilə xarab, istifadəyə yararsız vəziyyətə düşmüşdür. Daha sonra Şiə Vəqf İdarəsi onun yenidən inşasını öz üzərinə götürdü, lakin bu iş tam başa çatmadı. Nəhayət, ali mərcəiyyətin ofisi məsuliyyəti öz üzərinə aldı və mədrəsə hər birində 14 otaq olmaqla üç mərtəbəli şəkildə, tam xidmətlərlə təmin olunmuş şəkildə inşa edildi.

Qeyd edək ki, mədrəsənin ətrafındakı bəzi torpaq sahələrini də əlavə etməklə onu genişləndirmək istəyi var idi. Lakin təəssüflər olsun ki, bu arzu reallaşmadı. Tikinti işləri bir il davam etdi və bir neçə ay öncə tamamlandı. Mədrəsə açılaraq dini elm tələbələrinin bir qismi orada yerləşdirildi. Buna görə Allaha həmd olsun.

Hicri XIV əsrin birinci rübündə inşa edilmiş mədrəsələrdən biri də “Badkubiyyə Mədrəsəsi” kimi tanınan bu mədrəsəmizdir. Tarixçilərin yazdığına əsasən, bu mədrəsəni xeyirxah bir şəxs olan Hacı Əli Nəqi Badkubi (Allah ona rəhmət etsin) hicri 1325-ci il (miladi 1907-ci il -red.) ərzində Nəcəfül-Əşrəfi ziyarət etdiyi və orada təxminən bir il qaldığı zaman inşa etdirmişdir. O vaxt mədrəsə bir mərtəbədən ibarət idi və cəmi iyirmi səkkiz otağı vardı. Hicri 1383-cü ildə hökumət İmam Zeynülabidin (ə) küçəsini salarkən mədrəsənin təxminən yarısını sökmüş, nəticədə, ondan yalnız on altı otaq qalmışdı. Bəzi tələbələr həmin vəziyyətdə orada qalmaqda davam etsələr də, sonradan mədrəsə tamamilə dağılaraq xarab olmuş və elm əhli onu onilliklər boyunca tərk etmişdilər.

Hörmətli Əllamə Seyid Əla əl-Musəvi (Allah izzətini daimi etsin) Şiə Vəqf İdarəsinin rəhbərliyinə təyin edildikdə bu mədrəsənin yerdə qalan sahəsində yenidən tikilməsi üçün müəyyən bir miqdar pul ayırdı. Layihə üzərində iş 2020-ci ilin oktyabr ayının sonlarında başlandı və təxminən dörd il davam etdi. Lakin tikinti hələ tamamlanmamış, ayrılmış məbləğ isə tam istifadə olunmuşdu. 2024-cü ilin avqust ayının sonlarında ali dini mərcəiyyətin ofisi, tamamlama məqsədilə binanın tikintisi tamamlanmış hissəsini təhvil aldı və məsələni ixtisaslı mühəndis qrupuna həvalə etdi. Onlar mövcud tikili üzərində bir sıra zəruri dəyişikliklər etdilər, lakin binanı tam şəkildə Nəcəfül-Əşrəf mədrəsələrinin ənənəvi üslubuna uyğunlaşdırmaq mümkün olmadı. Bununla belə ona xüsusi bir tarixi ab-hava verildi.

Bu bina üç mərtəbədən (yer səthindəki mərtəbə ilə birgə dörd mərtəbədən və zirzəmidən– red.) ibarətdir və ümumilikdə əlli yeddi otağı əhatə edir. Bundan əlavə, geniş bir dərs salonu, böyük toplantı zalı, bütün xidmətlərlə - mətbəx, yeməkxana, sanitar qovşaqlar, liftlər, kondisionerlər və digər avadanlıqlarla təmin edilmişdir..

Qeyd etmək lazımdır ki, bu mədrəsənin rəsmi mütəvəlliliyi (sağlığında mədrəsənin mütəvəllisi olmuş mərhum Höccətül-İslam Şeyx Əli Mərdan Badkubinin oğlu olan) doktor Mehdi Əli Səfərəliyə məxsusdur. O, hazırda İraqdan kənarda yaşayır. Ali mərcəyi-təqlid (Allah onun kölgəsini davamlı etsin) tərəfindən onun bu mədrəsəyə şəri mütəvəlli kimi təyin edilməsinə qərar verilmişdir, bu şərtlə ki, mədrəsənin idarəçiliyini Nəcəfül-əşrəfdə yaşayan, Azərbaycan Respublikasından olan din tələbələrindən bu işi icra edə biləcək birinə tapşırsın. Nəticədə bu vəzifə fəzilət sahibi Şeyx Fəqan Məmmədov Badkubiyə həvalə edilmişdir. Bununla belə, inşallah mədrəsə yenə də hörmətli Seyidin (Seyid Sistaninin – red.) (Allah kölgəsini davamlı etsin) ofisinin himayəsi və nəzarəti altında qalacaqdır.

Ümid edirik ki, bu mübarək mədrəsə gələcəkdə Əhli-beyt (ə) əxlaqı ilə bəzənmiş, elm öyrənməyə sadiq tələbələrlə, xüsusilə də Azərbaycan diyarından olan tələbələrlə dolub-daşsın, burada əməl sahibi olan elmləri, təqvaları və müqəddəs şəriətə xidmətləri ilə fəxr ediləcək çoxsaylı alimlər yetişsin. Onlar Nəcəfül-əşrəfin seçkin alimləri sırasında olan sələflərinin, əhalisinin Əhli-beyt (ə) ardıcılları olmaları ilə fəxr etdikləri o əziz diyardan gəlmiş alimlərin layiqli varisləri olsunlar.

Burada həmin alimlər arasından hörmət və ehtiramla xatırlanmalı iki görkəmli alimi qeyd etmək lazımdır:

Bunlardan biri hicri 1358-ci ildə (miladi 1939 – red.) vəfat etmiş Ayətullah Seyid Hüseyn Hüseyni Badkubidir. Onun əsas ixtisası əqli elmlər idi və ən tanınmış tələbələri arasında məzhəbin mərceyi-təqlidi Seyid Xoi və “əl-Mizan” təfsirinin müəllifi məşhur müfəssir Seyid Təbatəbai yer alır.

Digəri isə hicri 1392-ci ildə (miladi 1972 – red.) vəfat etmiş Ayətullah Şeyx Sədra Badkubi idi. O, həm əqli, həm nəqli elmlərdə ixtisaslaşmış və Nəcəfül-əşrəfdə bir neçə nəsil tələbə ondan dərs almışdır. Onun ən məşhur tələbələrindən biri şəhid Seyid Məhəmməd Baqir Sədrdir (Allah hamısına rəhmət etsin).

Sonda, bu möhtəşəm dini və elmi layihənin həyata keçirilməsinə töhfə vermiş hər kəsə dərin təşəkkür və minnətdarlıq bildirmək lazımdır, bundan əvvəl Səlimiyyə mədrəsəsini inşa etmiş mühəndis qrupunun üzvlərini isə xüsusi olaraq qeyd edirik. Allahdan istəyirik ki, onlara bol savab versin”.

Seyid Sistaninin Ofisi — Nəcəfül-əşrəf

Hicri 1447-ci ilin Rəbiul-axır ayının 28-ci günü

 

Qeyd edək ki, açılış mərasimində Ayətullah Seyid Əli Sistani tərəfindən onun iki övladı, Nəcəf şəhərinin böyük bəhsi-xaric ustadlarından olan Ayətullah Seyid Muhəmməd Rza Sistani və Ayətullah Seyid Muhəmməd Baqir Sistani, həmçinin Ayətullah Seyid Əli Sistaninin ailəsinin digər üzvləri, Nəcəf elmi hövzəsinin bir çox böyük bəhsi xaric ustadları, o cümlədən Ayətullah Şeyx Hadi Ali Razi, Ayətullah Şeyx Həsən Cəvahiri, böyük Cəvahiri ailəsinin digər tanınmış utadlarından olan Şeyx Məhəmməd Cəvahiri, Şeyx Fərqəd Cəvahiri, Mərhum Ayətullah Seyid Həkim ailəsinin elm əhli olan tanınmış üzvləri, xüsusən Seyid Muhəmməd Təqi Həkim, Seyid Cəfər Həkim, Seyid Baqir Həkim , Seyid Saleh Həkim, Seyid Hüseyn Həkim və s., böyük mərceyi-təqlid Ayətullah Şeyx Fəyyazın adından onun oğlu Şeyx Mahmud Fəyyaz, tanınmış elm əhli olan Xırsan ailəsindən Seyid Sadiq Xırsan və bu ailənin digər üzvləri, mərhum Ayətullah Seyid Əbülqasim Xoyinin ailəsindən Seyid Cavad Xoyi, mərhum Ayətullah Ali Yasin ailəsindən Şeyx Hüseyn Ali Yasin, digər tanınmış bəhsi xaric ustadlardından Seyid Əli Əkbər Hairi, Seyid Əhməd Əşkuvəri, Seyid Rəşid Hüseyni və s. iştirak etmişdir.

            Tədbirdə iştirak edən tanınmış şəxsiyyətlərdən Həzrət Əbülfəzl Abbasın (ə) hərəminin mütəvəllisi və Ayətullah Seyid Sistaninin nümayəndəsi Seyid Əhməd Safi, İmam Əli (ə) hərəminin idarə heyətinin sədri Seyid İsa Xırsan, İraqın vəqfuş-şiə idarəsinin keçmiş sədri Seyid Əla Musəvini və digər nüfuzlu şəxsləri qeyd etmək olar.

            Açılış tədbirinə xüsusi dəvət almış önəmli şəxsiyyətlərdən biri də uzun illər Azərbaycanda dini təhsil ilə bağlı fəaliyyət göstərmiş və Bakıda olan İmam Cəfər Sadiq (ə) mədrəsəsinin təsisçisi olan Şeyx Kazim Muhəmmədi də tədbirdə iştirak edən şəxsiyyətlər arasında yer alırdı.

besiret.az