Hədislərdən nümunələr
1-“Hükeymdən (belə) nəql olunur: “İmam Sadiqdən (ə) haqq yoldan azmağın ən aşağı mərtəbəsini soruşdum. İmam (ə) belə cavab verdi: “Təkəbbür haqq yoldan azmağın ən aşağı mərtəbəsidir”.[1]
İzah: Hədisdən bunu anlamamalıyıq ki, hər təkəbbürlük göstərən və ya özünü digərlərindən üstün görən şəxs haqq yoldan azmış və ya dindən çıxmışdır. Çünki təkəbbür və haqq yoldan azmaq, dindən çıxmaq məna cəhətdən ayrı-ayrı məfhumlardır. Məlum məsələdir ki, hər təkəbbürlü dindən çıxmış sayılmır, buna görə İmamın (ə) kəlamında təkəbbürün dindən çıxmaqla eyni mənada olması qəsd olunmamışdır. İmam Sadiq (ə) düzgün yoldan sapmağın ən aşağı həddini bəyan edərkən təkəbbürü burada haqq yoldan azmağın səbəblərindən biri kimi qeyd edir. Başqa sözlə desək, doğru yoldan azmağı onun səbəbi ilə izah edir. Yəni insanın zəlalətə düçar olmasında bir çox səbəblər mövcuddur, onlardan biri də insanın təkəbbür göstərməsidir. Elə buna görə də təkəbbür haqdan uzaqlaşmağın ən aşağı həddidir deyə buyurulur.
2-“Məhəmməd ibn Müslim İmam Baqirdən və ya İmam Sadiqdən (ə) belə nəql edir: “Qəlbində bir xardal dənəsi ağırlığında belə təkəbbür olan şəxs cənnətə daxil olmayacaq”. Məhəmməd ibn Müslim deyir: “Mən “İnna lillah və inna ileyhi raciun” dedim (“Biz Allaha məxsusuq və ona doğru qayıdacağıq” (Bəqərə, 156) – müsibət anlarında oxunur)”. İmam (ə) buyurdu: “Nəyə görə belə deyirsən?” “Sənin söylədiklərinə görə” – dedim. İmam (ə) belə buyurdu: “Məsələ sən fikirəşdiyin kimi deyil. Mən (təkəbbür dedikdə) inkar etməyi nəzərdə tuturam. Təkəbbür ancaq (Allahı) inkar etməkdir”.[2]
Hədisi nəql edən Məhəmməd ibn Müslim adətən müsibət zamanı deyilən “Biz Allaha məxsusuq və ona doğru qayıdacağıq” ayəsini oxuyur. Çünki qəlbində azca da olsa təkəbbürü olan şəxsin cənnətə daxil olmaması fikri onu sarsıtmışdı. Çünki ən az miqdarda olsa belə əksər insanların qəlbində təkəbbür var. Bu isə həmin əksəriyyətin cənnətə daxil olmayacağı demək idi. Lakin İmam (ə) sözünü izah edərək onu sakitləşdirir, təkəbbür deyərkən Allahı inkar etməyi nəzərdə tutduğunu deyir. Keçən hədisdə olduğu kimi burada da izah zəruridir: Allahı inkar etmək də haqq yoldan azmaq kimi təkəbbürlə məna cəhətindən fərqli olan bir şeydir. Çünki biz hər təkəbbürlünün Allahı inkar etmədiyini bilirik. Deməli, İmam (ə) burada təkəbbürü onun öz həqiqəti ilə yox, nəticəsi ilə - haqqı, o cümlədən Allahı inkar etməklə izah edir. Yəni təkəbbür bəzi hallarda insanın Allahı inkar etməsinə belə gətirib çıxara bilir, nəinki hər təkəbbürlü şəxs Allahı inkar etmiş sayılır.
Qeyd edək ki, hədisdə “cuhud” ifadəsi keçir. “Cuhud”un isə ərəb lüğətindəki mənası bir şeyin düzgünlüyünü, varlığını bilə-bilə inkar etməkdir.[3] Bu, maraqlı bir nöqtəyə işarə edir. O da budur ki, bəzi hallarda həqiqətləri, o cümlədən Allahın varlığını, nübüvvəti, Əhli-beytin (ə) vilayətini və s. kimi həqiqətləri inkar edən şəxslərin inkar səbəbi sırf elmi, əqli səbəblər deyil. Əksinə, onların inkarının qaynaqlandığı şeylərdən biri təkəbbürdür.
3-Əbdüləladan İmam Sadiqin (ə) belə dediyi nəql olunur: “Təkəbbür odur ki, insanları kiçik görəsən və haqqı yüngül tutasan”.[4]
İmam (ə) yuxarıdakı hədisdə olduğu kimi təkəbbürü onun nəticələri ilə tərif edir. Əksər hallarda insanın digərlərinə xor baxmasının, başqalarını həqir saymasının səbəbi təkəbbürdür. Bu halda insan özünü digərlərindən daha fərqli, daha üstün bilir. Eynilə təkəbbür səbəb olur ki, insan həqiqətlərə laqeyd yanaşsın, onları heçə saysın. Sanki insan öz nəfsini, özünü o həqiqətlərdən də böyük görür. Digər bir hədisdə[5] isə İmam (ə) bəyan edir ki, təkəbbür haqqı yüngül tutmaqla yanaşı, insanı haqq əhlinə tənə vurmağa da sövq edir. Bütün bunlar isə öz növbəsində zəlalətə, azğınlığa gətirib çıxarır.