İmam Əlinin Kəbədə dünyaya gəlməsi hadisəsi hansı şiə və sünni mənbələrində gəlmişdir?

İmam Əlinin Kəbədə dünyaya gəlməsi hadisəsi hansı şiə və sünni mənbələrində gəlmişdir?

2020-03-09 4546

İmam Əlinin Kəbədə dünyaya gəlməsi hadisəsi hansı şiə və sünni mənbələrində gəlmişdir? (Şübhəyə cavab)

Möminlərin əmiri İmam Əli (əleyhissalam) Fil ilinin 30-cu ilində, rəcəb ayının 13-ü, müqəddəs Kəbə evində dünyaya göz açmışdır. Həzrət Əlinin (əleyhissalam) əzəmətli Kəbə evində dünyaya gəlməsi hadisəsi tarix boyu əhli-sünnə və şiə alimləri arasında qəbul olunan bir həqiqət olmuşdur. Lakin daha sonra İmam Əlinin (əleyhissalam) fəzilətini sual altına salmaq istəyən və bu həqiqəti qəbul edə bilməyən müxaliflərimizdən bəziləri bu məsələni inkar etmiş, sünni alimlərinin bunu qəbul etmədiyi fikrini irəli sürmüş, bunun şiələr tərəfindən uydurulmuş bir şey olduğunu iddia etmişlər. Buna görə də bu məsələ barəsində müxtəlif iradlar etmiş və insanların bu həqiqətə şübhə ilə yanaşmalarına səbəb olmuşlar.

Əsas məqsədimizin bu həqiqəti sünni mənbələrindən üzə çıxarmaq və sabit etmək olmasına baxmayaraq, bu məqaləmizdə İmam Əlinin (əleyhissalam) Kəbədə dünyaya gəlməsi hadisəsini nəql edən şiə və sünni alimlərinin kitablarından dəlil gətirəcək və müxtəsər şəkildə şübhələri aradan qaldırmağa çalışacağıq. Buna görə də əvvəlcə bu məsələyə şiə mənbələrində nəzər yetirəcək, daha sonra sünni mənbələrində nəql olunmuş sözləri nəzərinizə çatdıracağıq. Müvəffəqiyyət Allahdandır!

İmam Əlinin Kəbədə dünyaya gəlməsi şiə alimlərinin nəzərində

Şeyx Səduq (rəhmətullahi əleyh)

Qədim alimlərimizdən olmuş Şeyx Səduq İmam Əlinin (ə) müqəddəs Kəbə evində dünyaya gəlməsi hadisəsini özünün üç əsərində qeyd etmişdir. Həmçinin Nəcaşi (rəhmətullahi əleyh) Şeyx Səduqun bu barədə “Movludu Əmiril-muminin” kitabı olduğunu[1] və Seyid İbn Tavus (rəhmətullahi əleyh) isə həmin kitabı Şeyx Səduqun “Movludu movlana Əmiril-muminin bil-beyt” adı altında yazdığını qeyd etmişdir.[2]

Şeyx Mufid (rəhmətullahi əleyh)

Şiə məzhəbinin böyük alimlərindən olmuş Şeyx Mufid İmam Əlinin (əleyhissalam) dünyaya göz açması haqqında belə yazır:

ولد بمكة في البيت الحرام يوم الجمعة الثالث عشر من رجب سنة ثلاثين من عام الفيل ولم يولد قبله ولا بعده مولود في بيت الله تعالى سواه إكراما من الله تعالى له بذلك وإجلالا لمحله في التعظيم .

“(İmam Əli) Fil ilinin otuzuncu ilində, rəcəb ayının on üçündə, cümə günü Məkkədə, Beytül-haramda (Kəbə evində) doğulmuşdur. Ondan qabaq və ondan sonra Kəbə evində İmam Əlidən başqa heç kəs doğulmamışdır. Bu, Allah tərəfindən ona olan hörmət əlamətidir və onun məqamını əzəmət baxımından üstün tutmaqdır.”[3]

Şeyx Tusi (rəhmətullahi əleyh)

وُلِدَ بِمَكَّةَ فِي الْبَيْتِ الْحَرَامِ يَوْمَ الْجُمُعَةِ لِثَلَاثَ عَشْرَةَ خَلَتْ مِنْ رَجَبٍ بَعْدَ عَامِ الْفِيلِ بِثَلَاثِينَ سَنَة.

“(İmam Əli) Fil ilindən otuz il sonra, rəcəb ayından (rəcəb ayının başlanğıcıdından) on üç gün keçdikdə cümə günü, Beytül-haramda dünyaya göz açmışdır”.[4]

Seyid Rəzi (rəhmətullahi əleyh)

Mərhum Seyid Rəzi İmam Əlinin doğum tarixini və müqəddəs Kəbə evində doğulduğunu Şeyx Tusinin yazdığı kimi yazır və arxasınca belə qeyd edir:

لا نعلم مولودا ولد في الكعبة غيره‏.

“İmam Əlidən (əleyhissalam) başqa Kəbədə doğulmuş bir şəxs tanımırıq”.[5]

İbn Bitriq (rəhmətullahi əleyh)

ولم يولد قبله ولا بعده مولود في بيت الله تعالى سواه ، منا من الله سبحانه وتعالى عليه بذلك واجلاء لمحله في التعظيم.

“Allah-taalanın evində ondan sonra və ondan öncə heç kim doğulmamışdır. Bu, Allah-taaladan ona olan lütf və onun məqamını əzəmət baxımından üstün tutmaqdır”.[6]

Şeyx Təbərsi (rəhmətullahi əleyh)

وَ لَمْ يُولَدْ قَطُّ فِي بَيْتِ اللَّهِ تَعَالَى مَوْلُودٌ سِوَاهُ لَا قَبْلَهُ وَ لَا بَعْدَهُ وَ هَذِهِ فَضِيلَةٌ خَصَّهُ اللَّهُ تَعَالَى بِهَا إِجْلَالًا لِمَحَلِّهِ وَ مَنْزِلَتِهِ وَ إِعْلَاءً لِقَدْرِهِ

“İmam Əlidən (əleyhissalam) başqa ondan əvvəl və ondan sonra heç vaxt Allahın evində doğulan bir şəxs olmamışdır. Bu, bir fəzilətdir ki, Allah bu fəziləti onun məqamının, dəyərinin üstünlüyü və şəninin ucalığına görə İmam Əli (əleyhissalam) üçün məxsus etmişdir”.[7]

İbn Şəhr Aşub (rəhmətullahi əleyh)

ليس المولود في سيد الأيام يوم الجمعة في الشهر الحرام في البيت الحرام سوى أمير المؤمنين عليه السلام.

“Haram ayda, günlərin ağası sayılan cümə günündə, Beytül-haramda Əmirəlmöminindən başqa doğulan olmamışdır”.[8]

Qutbuddin Ravəndi (rəhmətullahi əleyh)

ولقد ولد في بيت الله الحرام ولم يولد فيه أحد[غيره].

“(İmam Əli) Beytül-haramda doğulmuşdur və burada ondan başqası dünyaya gəlməmişdir”.[9]

 

[1] “Ricalun-Nəcaşi”, səh.393

[2] “əl-Yəqin bixtisasi movlana Əliyyin bi imrətil-muminin”, səh.191

[3] “əl-İrşad”, c.1, səh.5

[4] “Təhzibul-əhkam”, c.6, səh.19

[5] “Xəsais”, səh.39

[6] “Umdətu uyuni sihahil-əxbar”, səh.24

[7] “Əlamul-vəra”, c.1, səh.306

[8] “Mənaqib”, c.2, səh.200

[9] “əl-Xəraic vəl-cəraih”, c.2, səh.888