Əzadarlıqda ağlamaq və dözümsüzlük göstərmək olarmı?

Əzadarlıqda ağlamaq və dözümsüzlük göstərmək olarmı?

2018-09-25 1678

Əzadarlıqda ağlamaq və dözümsüzlük göstərmək olarmı?

Əhli-beyt (ə) və əza məclisləri ilə düşmənlik edənlər belə irad edirlər ki, hədislərdə ölənlərə çox ağlamaq və dözümsüzlük göstərmək qadağan olunmuşdur. Halbuki şiələr imamların, məxsusən İmam Hüseynin (ə) şəhadət günlərində həddindən artıq ağlayır, dözümsüzlük nümayiş etdirirlər. Onlar bu əsassız iddialarını isbat etmək üçün şiə mənbələrindən olan hədislərə istinad edir və bununla da əzadarlıqların şəri baxımdan icazəli olmasını sual altına salmaq istəyirlər. Bu irada daha ətraflı cavab vermək mümkün olsa da ixtisara riayət edərək kiçik bir cavab verəcəyik. Əvvəla, onu demək lazımdır ki, ümumi şəkildə ölülərə ağı demək və ya ağlamaq şəriətdə icazəlidir. Lakin bu o zaman icazəli olmur ki, ağı deyən və yaxud hüznlənən şəxs Allah-taalanın təqdir etdiyi işlərə üsyankarlıq göstərsin, ölənlərə həddindən artıq hüznlənsin və dözümsüzlük göstərib, ağlasın. Əksinə, hədislərimizdə müsibət və bəla üz gətirdikdə səbir göstərmək və Allaha təslim olmaq tapşırılmışdır. Təbii ki, bu məzmunda hədislərimiz kifayət qədərdir. Nümunə olaraq bir hədisi qeyd edirik:

كُنَّا عِنْدَ أَبِي عَبْدِ اللَّهِ ع فَجَاءَ رَجُلٌ فَشَكَا إِلَيْهِ مُصِيبَةً أُصِيبَ بِهَا فَقَالَ لَهُ أَبُو عَبْدِ اللَّهِ ع أَمَا إِنَّكَ إِنْ تَصْبِرْ تُؤْجَر

Bir nəfər İmam Sadiqin (ə) yanına gələrək ona üz vermiş müsibətdən şikayət etdi. İmam buyurdu “Əgər sənə üz vermiş müsibətin müqabilində səbir etsən, əvəzini alacaqsan...”.[1]

Lakin Əhli-beyt (ə) məclislərində hüznlənmək və dözümsüzlük göstərmək nəql olunmuş rəvayətlərə əsasən, məzəmmət olunmuş işlərdən yox, əksinə bəyənilən əməllərdəndir.  Həmin hədislərdən bəzilərini zikr edirik:

عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ سَمِعْتُهُ يَقُولُ‏ إِنَ‏ الْبُكَاءَ وَ الْجَزَعَ مَكْرُوهٌ لِلْعَبْدِ فِي كُلِّ مَا جَزِعَ- مَا خَلَا الْبُكَاءَ وَ الْجَزَعَ عَلَى الْحُسَيْنِ بْنِ عَلِيٍ‏ع فَإِنَّهُ فِيهِ مَأْجُورٌ.

İmam Sadiq (ə) buyurur: “Bəndənin hər bir dözümsüzlük edilən yerdə ağlamağı və dözümsüzlük göstərməsi bəyənilmir. Yalnız Hüseyn ibn Əli üçün dözümsüzlük göstərmək istisnadır. Çünki həmin dözümsüzlükdə savab var”.[2] 

Göründüyü kimi bu hədisdə İmam (ə) ölülər üçün ağlamağın və dözümsüzlük göstərməyin bəyənilməyən iş olduğunu dedikdə İmam Hüseyni (ə) bu məsələdən istisna etdi. Həmçinin nəql olunmuş rəvayətlərə əsasən, İmam Hüseynə (ə) ağlamaq, həddindən artıq dözümsüzlük nümayiş etdirmək daim tövsiyə olunmuş əməllərdən sayılmışdır. İmam Həsən Əskəri (ə) Peyğəmbərdən (s) nəql edərək buyurur:

قَالَ رَسُولُ اللَّهِ ص‏ وَ صَلَّى اللَّهُ عَلَى‏ الْبَاكِينَ‏ عَلَى الْحُسَيْنِ رَحْمَةً وَ شَفَقَةً

“Allahın rəhməti mərhəmət etdiyinə və ürəyi yandığına görə Hüseynə ağlayanların üzərinə olsun...”.[3] Həmçinin hədislərimizdə şiələrin xüsusiyyətləri barədə danışıldıqda qeyd olunur ki, şiələr Əhli-beytin (ə) sevinci ilə sevinər və onların qəmli olmasıyla qəmlənərlər.[4]

Onu da qeyd edək ki, şəriətdə də həm sünni, həm də şiə məzhəbi tərəfindən qəbul olunan bəzi hökmlərdə də yuxarıda qeyd etdimiz kimi istisnalar mövcuddur. Məsələn, Allah-taala müqəddəs Qurani-Kərimdə Bəqərə surəsinin 275-ci ayəsində buyurur:

أَحَلَّ اللَّهُ الْبَيْعَ وَحَرَّمَ الرِّبَا

“Allah alveri halal, sələmi isə haram etmişdir...”.

Bu ayəyə görə, Allah-taala alış-verişləri bəndələrinə halal qərar vermişdir. Lakin bəzi istisna yerlərdə alış-veriş də haram olur. Məsələn, musiqi alətlərinin alış-satışı və s. 

Başqa bir nümunə Bəqərə surəsinin 173-cü ayəsindir:

إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ الْمَيْتَةَ وَالدَّمَ وَلَحْمَ الْخِنْزِيرِ وَمَا أُهِلَّ بِهِ لِغَيْرِ اللَّهِ

 “Allah sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsilən heyvanı haram etmişdir...”. Allah-taala donuz ətini haram etmişdir. Lakin acından ölməmək üçün yemək kimi istisna olan məqamlarda donuz ətinin yeyilməsinə icazə vardır. Bu məsələ Maidə surəsinin 3-cü ayəsində vurğulanır:

فَمَنِ اضْطُرَّ فِي مَخْمَصَةٍ غَيْرَ مُتَجَانِفٍ لِإِثْمٍ ۙ فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ

“...Hər kəs günaha meyl etməyərək aclıq üzündən (haram olanlardan istifadə etməyə) məcbur olarsa, (bilsin ki,) Allah Bağışlayandır, Rəhmlidir”.

Eynilə ölülərə çox ağlamaq və onların dünyadan getməklərinə dözümsüzlük göstərmək məzəmmət olunsa da, Əhli-beytin (ə) müsibətlərinə ağlamaq bu qaydadan istisnadır. Habelə hədislərdə məzəmmət olunmuş əzadarlığı Əhli-beytlə (ə) bağlı olan əzadarlıqlara şamil etmək yolverilməzdir.

Əhli-beyt (ə) məclislərində ağlamaq, dözümsüzlük göstərmək digər yas mərasimlərində olan əzadarlıqlardan xeyli fərqlənir. Belə ki, Peyğəmbər ailəsinin (ə) müsibətlərinə ağlamaq ibadət sayılır. Bu göz yaşlarının dünya və axirətə aid olan təsirləri vardır ki, istər mübah, istərsə də məzəmmət olunmuş əzadarlıqların heç birisində bu xüsusiyyət və təsirlər yoxdur. Əksinə, digər insanların həyatdan köçməsinə həddən artıq ağlamaq və dözümsüzlük göstərmək ilahi müqəddarata etiraz və Allah qəzasına razılıq göstərməmək sayılır. Amma Əhli-beyt (ə) müsibətlərinə ağlamaq və qəmgin olmaq nəinki ilahi təqdirə etiraz sayılır, əksinə, bütün bu göz yaşları və dözümsüzlüklər Peyğəmbər və onun pak ailəsinə qarşı olan sevgidən irəli gəlir. Bu sevgidən məhrum qalanlar isə müxtəlif yollarla insanların qəlblərinə şübhə toxumları səpərək digər insanların da buna nail olmasına mane olmaq üçün əllərindən gələni edirlər.

قَالَ رَبِّ بِمَا أَغْوَيْتَنِي لَأُزَيِّنَنَّ لَهُمْ فِي الْأَرْضِ وَلَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ  إِلَّا عِبَادَكَ مِنْهُمُ الْمُخْلَصِينَ

“(İblis) dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara (pis işləri) gözəl göstərib onların hamısını azdıracağam. Yalnız sənin ixlaslı bəndələrindən başqa” (Hicr, 39-40).

Allah-taala bizi dünya və axirətdə Əhli-beytdən (ə) bir an belə ayrı salmasın.

Baqir Cəfəri

Besiret.az


[1] Şeyx Kuleyni, Əl-Kafi, c. 3, səh. 225.

[2] İbn Qovləveyh Qummi, Kamiluz-ziyarat, səh. 100.

[3] Əllamə Məclisi, Biharul-ənvar, c. 7, səh. 311-312.

[4] Şeyx Səduq, Səvabul-əmal, səh. 217.