Seyyid Xoyi barədə müxaliflərin şübhələrinə cavab

Seyyid Xoyi barədə müxaliflərin şübhələrinə cavab

2018-02-09 3969

Bu müqəddiməni qeyd etdikdən sonra isə keçirik haqqında bəhs edilən kitaba. Qeyd olunan mətnin yazıldığı “Əl-məbani fi şərhi urvətil-vusqa” kitabı böyük mərceyi-təqlid Ayətullah Seyyid Əbul-Qasim Xoyinin (r) öz yazdığı kitab deyil. Bu kitab Seyyid Xoyinin (r) dərslərinin oğlu və tələbəsi olan Seyyid Muhəmməd Təqi Xoyi (r) tərəfindən yazılmış təqriridir. Ona görə də qeyd olunan mətni birbaşa Seyyid Xoyiyə (r) nisbət vermək düzgün deyil. Bu sadəcə tələbəsi tərəfindən Seyyid Xoyiyə (r) nisbət verilən bir fikirdir. Seyyid Xoyi (r) başqa bir yerdə bu məsələyə toxunmayıb deyə başqa mətnlərlə Seyyidin (r) bu cür söz deyib-deməməsini də yoxlamaq mümkün deyil. Bu səbəbdən də bəzi böyük alimlər sırf bu cümlənin Seyyid Xoyi (r) tərəfindən işlədilməsinə şəkk ilə yanaşmışlar. Hətta Seyyid Xoyinin (r) böyük tələbələrindən biri olan müasir mərceyi-təqlid Ayətullah əl-üzma Seyyid Sadiq Ruhani Seyyidin (r) öz sözlərindən müəyyən şahidlər gətirərək tam xatircəmliklə bu cümlənin Seyyidin (r) sözü olmadığını və təqrir yazan şəxsin qələmindən çıxan bir xəta olduğunu və Seyyidin (r) istidlaldakı əsas nöqtəsini bəyan edə bilməməsindən qaynaqlandığını qeyd edir. Müraciət et:

http://www.rohani.ir/ar/idetail/7117/-p-style--text-align--justify-----span-style------

Deməli qeyd olunan mətndəki fikirlərin Seyyid Xoyiyə (r) nisbət verilməsi sual altındadır və heç bir şəxs qətiyyətlə Seyyid Xoyi (r) bu sözü demişdir deyə bilməz.

Lakin qarşı tərəf inad edib bu sözün məhz Seyyid Xoyiyə (r) aid olduğunu bildirsə, onun cavabında qeyd edərik ki, siz deyəni qəbul etsək belə - yəni bu sözün məhz Seyyid Xoyidən (r) sadir olduğunu desək belə - yenə də burada ifadə olunan söz sizin təqdim etdiyiniz mənada deyil. Çünki burada qeyd edilən məsələ tam başqa bir mövzudadır. Məsələnin aydın olması üçün bəhsin hansı şəriət hökmünün əsasında getdiyinə qısa da olsa işarə edək.

Burada qeyd olunan bəhs Ayətullah Seyyid Kazim Yəzdinin (r) müəllifi olduğu “Ürvətul-vusqa” əsərinin nikah bölməsində 50-ci məsələ barədədir. Məsələdə qeyd olunur ki, iki Fatimiyyəni (yəni Xanım Zəhranın (əleyhassəlam) nəslindən olan iki seyyidə xanımı) eyni vaxtda almaq məkruh da olsa icazəlidir.
Bu məsələ barədə fəqihlərimiz arasında müxtəlif fikirlər mövcud olub. Əxbarilərdən bir qrupu[1] bu işin haram olduğunu və ikinci əqdin batil olduğunu qeyd edir. Onlardan olan başqa bir qrup isə bu işin təkcə haram olduğunu, hər iki əqdin isə səhih olduğunu qeyd edir. Lakin bir çox fəqihlərimiz bu işin icazəli olmasını bildirir. Onlardan bir çoxu bu işin məkruh olduğunu qəbul edir. Əsas ixtilafa səbəb olan məsələ Şeyx Səduqun (r) aşağıda qeyd etdiyi hədisdir:

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَلِيٍّ مَاجِيلَوَيْهِ عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدٍ عَنْ أَبِيهِ عَنِ ابْنِ أَبِي عُمَيْرٍ عَنْ أَبَانِ بْنِ عُثْمَانَ عَنْ حَمَّادٍ قَالَ سَمِعْتُ أَبَا عَبْدِ اللَّهِ ع يَقُولُ‏ لَا يَحِلُّ لِأَحَدٍ أَنْ يَجْمَعَ بَيْنَ الِاثْنَتَيْنِ مِنْ وُلْدِ فَاطِمَةَ ع إِنَّ ذَلِكَ يَبْلُغُهَا فَيَشُقُ‏ عَلَيْهَا قَالَ قُلْتُ يَبْلُغُهَا قَالَ إِي وَ اللَّهِ.

Həmmad belə deyir: İmam Sadiqin (əleyhissəlam) belə dediyini eşitdim: “Fatimə (əleyhassəlam) övladlarından ikisi ilə eyni vaxtda evlənmək halal deyil. Bu xəbər ona (Xanım Fatiməyə) çatır və bu ona ağır gəlir (onu məşəqqətə salır).” (Həmmad deyir: İmama) dedim: “Bu xəbər ona çatır?” İmam (əleyhissəlam) buyurdu: “Bəli, and olsun Allaha.”[2]

Məhz bu hədisə görə bir qrup əxbari Xanım Zəhranın övladlarından olan iki seyyidə xanımla eyni zamanda evliliyi haram bilmişlər. Lakin bir çox fəqihlərimiz bu hədisi səhih də bilsə, bu evliliyin məkruh olduğunu demişlər. Bunu da qeyd edək ki, Seyyid Xoyi (r) bu hədisi zəif bilir.[3]

Bu hədisdə iki seyyidə xanımla eyni anda evliliyin qadağan edilməsinə səbəb olaraq Xanım Zəhranın (əleyhassəlam) bu evlilik xəbərindən məşəqqətə düşməsi göstərilmişdir. Lakin fəqihlərimizin çoxu bu evliliyi məkruh bilmişlər. Hətta Seyyid Xoyi (r) Sahibi-Cəvahirdən nəql edərək Şeyx Yusif Bəhraniyə qədər bu evliliyin haram olmasını heç bir fəqihin demədiyini deyir.

Seyyid Xoyiyə (r) irad tutulan və ona nisbət verilmiş hissə bu hədis barədə gedən bəhsdə qeyd olunub. Həmin nisbət verilən mətndə deyilir:

بل حتى ولو فرض كونه إيذاءً لها ، فإنّه لا دليل على حرمة الفعل المباح المقتضي لإيذاء المؤمن قهراً ، على ما ذكرنا في محلّه . وحيث إنّ المقام من هذا القبيل لأنّ التزوّج بالثانية أمر مباح في حدّ نفسه ، فمجرد تأذي فاطمة (عليها السلام) لا يقتضي حرمته .

“Hətta bu evliliyin ona (Fatiməyə) əziyyət vermək olduğu fərz olunsa belə, öz yerində qeyd etdiyimiz kimi qəhri olaraq (yəni öz-özlüyündə istər-istəməz) hər hansı bir möminin əziyyətinə səbəb olan mübah (halal) bir əməlin haram olmasına dair heç bir dəlil yoxdur. Bu deyilən məsələ də bu qəbildəndir. Çünki ikinci qadın ilə evlənmək özlüyündə mübah (halal) olan bir işdir. Fatimənin (əleyhəssəlam) o işdən əziyyət çəkməsi isə o işin haram olmasına səbəb olmaz.”[4]

Burada irad tutulan cümlə əsasən sonuncu cümlədir. Bu cümlənin Seyyid Xoyi (r) tərəfindən deyilməsini qəbul etsək belə, onun doğru və düzgün şəkildə başa düşülməsi üçün mətnə bütöv şəkildə diqqət yetirməliyik. Burada şübhəni ortaya atanların görməməzlikdən gəldikləri və ya görüb başa düşmədikləri ən əsas bir cümlə mövcuddur. Mətndə deyilir: “...öz yerində qeyd etdiyimiz kimi qəhri olaraq (yəni öz-özlüyündə istər-istəməz) hər hansı bir möminin əziyyətinə səbəb olan mübah (halal) bir əməlin haram olmasına dair heç bir dəlil yoxdur.” Demək Seyyid Xoyiyə (r) nisbət verilən “Fatimənin (əleyhəssəlam) o işdən əziyyət çəkməsi isə o işin haram olmasına səbəb olmaz” cümləsindəki Xanım Zəhranın (əleyhassəlam) əziyyətinə səbəb olan hər hansı bir işin haram olmamasını başa düşmək üçün yuxarıdakı cümləni yaxşı başa düşməliyik. Buna görə də biz həmin cümləni izah etməyə çalışacağıq.

Seyyid Xoyi (r) möminin əziyyətinə səbəb olan işin iki cür olmasından danışır:

1. Başqası tərəfindən bir möminin haqqının tapdalanması vasitəsilə onun əziyyət çəkməsinə səbəb olan bir iş. Bu iş adi möminə qarşı baş verərsə, haramdır. Xanım Zəhraya (əleyhassəlam) nisbətdə isə bu iş daha böyük bir haramdır. Çünki bu iş Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) əziyyət çəkməsinə və nəticədə Əhzab surəsinin 57-ci ayəsinə əsasən dünya və axirətdə Allahın lənətinə düçar olmağa səbəb olur.

2. Möminin heç bir haqqına girmədən şəriətdə mübah olan bir işi icra etməklə istər-istəməz həmin möminin əziyyət çəkməsinə səbəb olan bir iş. Seyyid Xoyi (r) bu işin haram olmasına heç bir dəlilin olmadığını deyir. Yaxşı, görəsən möminin haqqına girmədən istər-istəməz onun əziyyət çəkməsinə səbəb olan hansı işlərdir? Buna sadə bir misal vurmaq olar. Belə ki, bir nəfər əgər hansısa bir möminin qızını alarsa və bir müddətdən sonra həmin qızı boşayarsa, onun mübah (halal) olan bu işindən qızın mömin ata və anası istər-istəməz əziyyət çəkəcək. Lakin heç bir fəqih deyə bilməz ki, kişinin öz arvadını boşaması mömin olan qaynata və qaynanasının əziyyət çəkməsinə səbəb olur deyə və kişi öz arvadını boşamaqla istər-istəməz onlara əziyyət vermiş olur deyə, onun öz arvadını boşaması haramdır. Buna heç bir fəqih hökm edə bilməz. Çünki bu cür, yəni, istər-istəməz başqasının əziyyət çəkməsinə səbəb olan mübah (halal) bir işin başqası əziyyətə düşür deyə haram olmasına dair heç bir dəlil yoxdur. Burada qızın ata və anasının əziyyət çəkməsi fitrətdən (yaradılışdan) qaynaqlanan xüsusiyyətdən və ata-ananın öz övladına olan ürək yanğısından irəli gələn təbii bir haldır. Daha bu o demək deyil ki, ər öz arvadını boşamaqla qaynata və qaynanasının haqqına girmiş və onlara əziyyət vermişdir. Əgər bu cür əziyyətin haram olmasını qəbul etsək, o zaman əksər boşanmaları və digər bir çox mübah işlərin haram olmasını qəbul etməliyik. Bir halda ki, bunu qəbul etmək mümkün deyil.
Seyyid Xoyi (r) iki seyyidə xanımla eyni vaxtda evlənməkdən Xanım Zəhranın əziyyət çəkməsinin - fərziyyə olaraq qəbul etsə belə - bu qəbildən olduğunu deyir və bu səbəbdən də haram olmadığını bildirir. Yəni Seyyid Xoyi (r) deyir ki, iki seyyidə xanımla eyni vaxtda evlənmək halal bir işdir. Lakin – fərz etsək ki, bu iş Xanım Zəhraya əziyyət verir – bu onun ana olmasına görə istər-istəməz əziyyət çəkməsinə səbəb olur. İstər-istəməz əziyyətə səbəb olan iş də mübah bir işi haram etməz. Seyyid Xoyinin (r) bu sözünün qeyd etdiyimiz mənada deməsinə dəlil elə həmin mətndən bir sətr yuxarıda yazılmış sözüdür. Seyyid Xoyi (r) belə deyir:

إذ لو كان دالاًّ على التحريم لكان لازمه القول بحرمة كل ما يلزم منه إيذاء سيدة النساء (عليها السلام) ـ كطلاق الفاطمية ، أو الجمع بين الفاطمية وغيرها إذا كان نكاح غير العلوية متأخراً ـ والحال إنّه لا يمكن لفقيه الالتزام به

“Əgər bu işin (iki seyyidə xanımla eyni vaxtda evli olmağın) haram olduğunu qəbul etsək, o zaman Xanım Zəhranın (əleyhassəlam) əziyyət çəkməsinə səbəb olan hər bir (mübah) işi haram bilməliyik. Həzrət Fatimənin (əleyhassəlam) qızlarından olan bir xanımı (seyyidə xanımı) boşamaq kimi, seyyidə xanımı olanın sonradan ikinci bir xanım alması kimi. Bir halda ki, heç bir fəqih bu işlərin haram olmasını deyə bilməz.”[5]

Seyyid Xoyinin (r) burada da yazdığından məlum olur ki, onun “Fatimənin (əleyhəssəlam) o işdən əziyyət çəkməsi isə o işin haram olmasına səbəb olmaz” sözündən məqsəd başqası tərəfindən Xanımın (əleyhassəlam) haqqına girməklə onun əziyyət çəkməsinə səbəb olan işlər deyil. Çünki bu cür işlərin qəti olaraq haram olması Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) “Fatiməyə əziyyət verən mənə əziyyət vermişdir” hədisindən gün kimi aydındır. Seyyid (r) yalnız öz-özlüyündə mübah olan, lakin təbii səbəblərdən Xanımın (səlamullahi-əleyha) əziyyət çəkməsinə səbəb olan işlərin haram olmamasını deyir. Buna misal olaraq da yuxarıda Xanım Zəhranın (əleyhassəlam) nəslindən olan seyyidə xanımı boşamağı misal vurur. Çünki hər bir ana qızının boşanmasına görə əziyyət çəkir. Xanım Zəhra (əleyhassəlam) da onun nəslindən olan hər bir seyyidə xanımın anası olduğu üçün təbii olaraq qızının boşanmasına görə məşəqqətə düşür və əziyyət çəkir. O zaman gərək kimin seyyidə yoldaşı varsa, onu boşamasının haram olmasını deyək. Lakin bunu heç bir fəqih demir və deyə də bilməz. Demək Xanım Zəhranın (əleyhassəlam) istər-istəməz əziyyət çəkməsinə səbəb olan mübah bir iş haram deyildir. Çünki burada işi icra edən şəxsin Xanıma (əleyhassəlam) əziyyət vermək və ya onun haqqına girmək qəsdi olmayıb. Sadəcə Xanım (əleyhassəlam) həmin şəxsin gördüyü işin təbii səbəblərindən əziyyət çəkib. Burada bu məsələyə bir çox əlavə misallar da vurmaq olar. İxtisara riayət etmək üçün çox misal vurmaqdan çəkinirik.

Seyyid Xoyi (r) dediyinə dəlil olaraq Şeyx Yusif Bəhraniyə kimi heç bir fəqihin bu işi haram bilməməsini göstərir. Seyyid qeyd edilən mətnin ardınca deyir:

ومما يدلّ عليه أ نّه لو كان حراماً لظهر وبان لابتلاء الناس به كثيراً ، فكيف ولم يتعرض له فقيه إلى زمان صاحب الحدائق (قدس سره) أو قبله بقليل !!

“Bizim dediyimizin doğru olmasına dəlillərdən biri budur ki, əgər bu iş haram olsaydı, o zaman yayılardı və aşkar bir məsələ olardı. Çünki camaatın tez-tez başına gələn məsələlərdəndir. Necə ola bilər ki, bu məsələyə Sahibi-hədaiqin (Şeyx Yusif Bəhraninin) zamanına kimi, yaxud ondan bir az öncəyə kimi heç bir fəqih toxunmayıb?”[6]

Buradan da məlum olur ki, Seyyid Xoyinin (r) “Fatimənin (əleyhəssəlam) o işdən əziyyət çəkməsi isə o işin haram olmasına səbəb olmaz” sözündən məqsəd kiminsə onun haqqına girərək ona əziyyət verməsinin haram olmaması deyil, məhz mübah olan və istər-istəməz Xanımın (əleyhassəlam) əziyyət çəkməsinə səbəb olan işin haram olmamasını bildirməkdir. Maraqlısı isə budur ki, irad bildirən şəxslərdən biri Seyyidin bu cümləsini “Fatiməyə (ə) əziyyət vermək isə bu işi haram etməz...” kimi tərcümə edib təqdim etmişdir. Halbuki cümlənin doğru tərcüməsi bu cürdür: “Fatimənin (əleyhəssəlam) o işdən əziyyət çəkməsi isə o işin haram olmasına səbəb olmaz.” Bu iki cümlənin ifadə etdiyi mənalar arasındakı fərq isə yuxarıda verilən şərhə müraciət etməklə məlum olur.

Düzdür, burada hansısa bir alim Seyyid Xoyinin (r) sözünə suğrəvi olaraq irad bildirə bilər. Belə ki, kimsə deyə bilər ki, Xanım Zəhra (əleyhassəlam) heç vaxt mübah olan bir işə görə - hətta bu iş öz qızının boşanması olsa da - əziyyət çəkməz. Çünki bu şəriətin mübah (halal) etdiyi bir işdir. Xanım Zəhra (əleyhassəlam) da mübah bir işə görə əziyyət çəkməz.
Lakin məlum olduğu kimi bu cavab Seyyid Xoyinin (r) fərz olaraq qeyd etdiyi bir məsələyə irad ola bilməz. Çünki Seyyid Xoyi (r) “fərz etsək ki, Xanım Zəhra (əleyhassəlam) bu cür mübah işdən əziyyət çəkərsə” deyir. Lakin bu işin baş verib vermədiyini isə qeyd etmir.
Burada Seyyid Xoyinin (r) dediyi ilə razılaşan başqa alimlərdən bəziləri Məsumlardan (əleyhissəlam) hər hansı birinin istər-istəməz əziyyət çəkməsinə səbəb olan bir çox mübah (halal) işin olmasını qeyd edirlər. Məsələn, hədislərimizə nəzər yetirsək şiələrin öz vaxtlarını bihudə keçirməkləri, mənasız zarafatlarla keçirtdikləri vaxtları, elm öyrənməyi tərk etməkləri və s. bu qəbildən olan bir çox öz-özlüyündə mübah olan işlərin Məsumların (əleyhimussəlam) xüsusən Zəmanə İmamının (əleyhissəlam) əziyyət çəkməsinə səbəb olduğunu görərik. Lakin heç bir fəqih qeyd olunan işlərin öz-özlüyündə sırf Məsumun (əleyhissəlam) əziyyət çəkməsinə səbəb olur deyə haram olmasını qeyd etmirlər[7]. Bu kimi misalları daha da çoxaltmaq olar. Lakin ixtisara riayət edərək digər misallar vurmuruq.

DAVAMI NÖVBƏTİ SƏHİFƏDƏ

[1] Təəccüblüsü budur ki, müxaliflərin şübhələrini təkrarlayan bəzi şəxslər bu hökmü bütün əxbarilərə nisbət vermişdir. Halbuki bu açıq-aşkar xətadır və həmin şəxsin elmsizliyindən qaynaqlanır.

[2] Şeyx Səduq, “İləluş-şərai”, c. 2, səh. 590

[3] Oxucuya gizli qalmamalıdır ki, Seyyid Xoyinin (r) yanında hədis zəif olduqdan sonra demək bu hədisə əməl etməyəcək və iki seyyidə xanımla eyni vaxtda evliliyi Xanım Zəhranın (əleyhassəlam) əziyyətinə və ya məşəqqətə düşməsinə səbəb bilməyəcəkdir. Sadəcə hədisin zəif olmasından sonra bu barədə Seyyid Xoyinin (r) apardığı bəhs sırf elmi fayda üçündür. Heç bir əməli faydaya malik deyildir.

[4]  Muhəmməd Təqi Xoyi, “Əl-Məbani fi şərhi urvətil-vusqa”, c. 2, səh. 364

[5] Muhəmməd Təqi Xoyi, “Əl-Məbani fi şərhi urvətil-vusqa”, c. 2, səh. 364

[6] Həmin mənbə

[7] Əlavə məlumat üçün müraciət et: Şeyx Vəhid Behbəhani, “Rəsailul-fiqhiyyə”, səh. 183